Partiya xəbərləri
“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”
Martın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Tibb Universitetinin inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli hazırda beynəlxalq müstəvidə gərgin proseslərin baş verdiyini bildirib. Onun sözlərinə görə, önəmli geostrateji məkanda yerləşən Azərbaycan bu gün dünyada sabitlik adası kimi tanınır: “Müstəqil Azərbaycan çətin sınaqlardan keçib, ölkəmizin yüksəlişinə böyük zəhmət sərf olunub. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi qətiyyətli siyasətlə Azərbaycanı bütün təhlükələrdən xilas edərək inkişaf yoluna çıxardı. Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir”.
G.Gəraybəyli deyib ki, qazanılan uğurlar, xüsusilə ərazi bütövlüyünün və mütləq suverenliyin bərpası Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirib. “Bu gün regionda bütün irimiqyaslı layihələr ölkəmizin iştirakı, milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlarla səsləşir. Ölkəmiz Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın təşəbbüskarı kimi çıxış edir”, - deyə rektor əlavə edib.
O qeyd edib ki, müəyyən xarici dairələr ölkəmizin uğurlarını həzm edə bilmirlər, ona görə də müxtəlif vasitələrlə təzyiq göstərməyə cəhd edirlər: “Həmin dairələr gənclərimizi də zərərli ideoloji istiqamətlərə yönəltməyə çalışırlar. Lakin vətənpərvər Azərbaycan gəncliyi hər zaman ayıq-sayıqdır. Gənclərlə ideoloji iş Azərbaycan Tibb Universitetində daim diqqət mərkəzindədir”.
Çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müasir müstəqil Azərbaycan dövlətinin şərəfli inkişaf yolu keçərək tərəqqi və Zəfər zirvəsinə yüksəldiyini bildirib: “Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkəmizin bir dövlət kimi mövcudluğu sual altında idi. Bəzi qüvvələr Azərbaycanın parçalanması istiqamətində məqsədli fəaliyyət göstərirdilər. Xalqımızın yeganə ümid yeri isə dahi şəxsiyyət Heydər Əliyev idi. 1992-ci ildə 91 nəfər ziyalının Ulu Öndərə müraciət etməsi və müdrik dövlət xadiminin bu müraciətə müsbət cavab verməsi nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın təlatümlərdən qurtularaq inkişaf yoluna çıxmasını şərtləndirdi”.
Tahir Budaqov Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycana qarşı yönəlmiş məkrli planların qarşısının məharətlə alındığını və xalq-iqtidar birliyinin təmin olunduğunu söyləyib. Onun sözlərinə görə, Ulu Öndərin dövrün çağırışlarına cavab verən siyasəti nəticəsində sabitlik və təhlükəsizliyin, sosial-iqtisadi inkişafın təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və digər mühüm faktorlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi.
YAP Sədrinin müavini bildirib ki, Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən müasir dövlətçilik tariximizdə müstəsna yerə və rola malik - taleyüklü önəm daşıyan siyasi varisliyin təmin olunmasını xüsusi qeyd etmək lazımdır: “Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirməkdədir. Azərbaycanın möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına nail olması isə xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir”.
Tahir Budaqov əlavə edib ki, müstəqil siyasət həyata keçirən, dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu gün nəinki regionda, daha geniş coğrafiyada söz sahibi olan bir dövlətdir: “Ölkəmiz sülh diplomatiyası həyata keçirərək bölgədə yeni siyasi konfiqurasiyanın qurulmasında aparıcı rol oynayır. Eyni zamanda, Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir”.
Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verdiyini söyləyib. YAP Nəsimi rayon təşkilatının təsis konfransının Azərbaycan Tibb Universitetində keçirildiyini xatırladan Tahir Budaqov bu ali təhsil ocağının hər zaman nümunəvi fəaliyyəti ilə seçildiyini və bundan sonra da ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Azərbaycanın tərəqqisində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, hələ SSRİ dövründə ölkəmizin yüksəlişini təmin edən Ulu Öndər müstəqilliyin bərpasından sonra yenidən siyasi hakimiyyətə gəldikdən sonra xalqımıza böyük uğurlar qazandırdı: “Bu gün isə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan qüdrətli və qalib dövlətə çevrilib”.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən Vaqif Şadlinski Ümummilli Liderin bu sahədə əvəzsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, 1969-cu ildən etibarən Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda, xüsusilə Bakıda möhtəşəm şəhərsalma işləri həyata keçirilib: “Yeni ərsəyə gətirilən tikililərdə daha çox milli memarlıq ənənələrinə üstünlük verilib. Cari ildə isə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanı bu baxımdan dünyaya daha yaxından tanıdacaqdır”.
Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Azərin Şükürlü çıxışında bildirib ki, bu gün Azərbaycan gənclərinə təhsil almaq, öz potensialını reallaşdırmaq və inkişaf etmək üçün yaradılmış imkanlar gələcəyə inamı daha da möhkəmləndirir: “Bu inamın arxasında güclü dövlət siyasəti və ardıcıl inkişaf strategiyası dayanır. Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaq mənim üçün sadəcə siyasi seçim deyil. Bu, şüurlu və məsuliyyətli qərardır. Bu qərar dövlətçiliyimizə sədaqət, müasir Azərbaycanın inkişaf modelinə inam və gələcəyin quruculuğunda fəal iştirak istəyindən doğur. Yeni Azərbaycan Partiyası gənclər üçün geniş imkanlar platformasıdır. Burada gənclərin təşəbbüsləri dəstəklənir, ideyalarına dəyər verilir və onların ictimai-siyasi fəallığı təşviq olunur. Bizim üzərimizə isə böyük məsuliyyət düşür. Dövlətimiz bizə güvənir. Bu inamı doğrultmaq isə bizim borcumuzdur”.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 29 sentyabr tarixli Sərəncamı ilə təltif olunmuş Rafiq Musa oğlu Məmmədhəsənova 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Rafiq Məmmədhəsənov fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra konsert proqramı təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
