YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi qətiyyətin nəticəsi: tarixi ədalətin bərpası və gələcəyə aydın baxış

Nurlan Həsənov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Xocalıda inşa olunan Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki çıxışı mühüm siyasi və mənəvi hadisə kimi dəyərləndirilir. Bu çıxışda dövlətimizin başçısı Azərbaycan xalqının keçdiyi mürəkkəb tarixi yolun, uzun illər davam edən işğal dövrünün və nəhayət, bərpa olunan ədalətin məntiqi nəticələrini diqqətə çatdırıb. Həmin nitq müasir Azərbaycanın gücünün, siyasi qətiyyətinin və gələcək strateji baxışının ifadəsi idi. Tarixi ədalətin təmin olunması uzunmüddətli siyasi xəttin və ardıcıl dövlət strategiyasının nəticəsidir.

Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş qanlı cinayət kimi xarakterizə edilir. 1992-ci ilin fevralında baş verən hadisələr nəticəsində yüzlərlə mülki şəxsin, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, onlarla insanın itkin düşməsi xalqın yaddaşında silinməz iz buraxıb. Dövlətimizin başçısı bu cinayətlə bağlı tarixi həqiqətlərin təhrif olunmasına qarşı qəti mövqe nümayiş etdirib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Müxtəlif ölkələrdə keçirilən konfranslar, sərgilər, nəşr olunan kitab və materiallar informasiya mübarizəsində dövlətimizin mövqeyini gücləndirib. Nəticədə bir sıra ölkələr Xocalı hadisələrinə siyasi-hüquqi qiymət verərək bu faciəni soyqırımı kimi tanıyıblar. Həmin proses informasiya müharibəsində ardıcıl və sistemli fəaliyyətin vacibliyini göstərir. Əgər Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmasaydı, bu faciə ilə bağlı beynəlxalq rəy tamamilə fərqli formada formalaşa bilərdi.

Ədalət yalnız beynəlxalq tribunalarda deyil, həm də real müstəvidə təmin olunub. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Dövlətimizin başçısı bu prosesi ədalətin təntənəsi kimi dəyərləndirib. Azərbaycan öz gücü, siyasi iradəsi və şanlı ordumuzun peşəkarlığı hesabına tarixi ədaləti təmin edib. Bu fikirlər Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin praktik müstəvidə reallaşmasının ifadəsi idi. Eyni zamanda, milli birliyi və xalq-iqtidar həmrəyliyi qələbədə həlledici rol oynayıb.

44 günlük müharibə nəticəsində əldə edilən Qələbə və sonrakı mərhələdə separatçı qüvvələrin zərərsizləşdirilməsi nəticəsində Azərbaycanın suveren hüquqlarının bərpası missiyası uğurla tamamlanıb. Bu addımlarla həm şəhidlərin qisası alınıb, həm də Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borc yerinə yetirilib. Beləliklə, hərbi-siyasi Qələbə milli ləyaqətin və tarixi ədalətin bərpası ilə vəhdət təşkil edir.

Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalıda inşası xüsusi rəmzi məna daşıyır. Layihənin işğaldan azad edilmiş bu torpaqda ucaldılması inamın və qətiyyətin nəticəsidir. Həmin abidə yalnız keçmişin ağrılarını deyil, həm də xalqın əyilməz ruhunu təcəssüm etdirir. Memorial Kompleks həm anım məkanı, həm də gələcək nəsillər üçün tarixi dərs rolunu oynayacaqdır. Xocalı sakinlərinin açılış mərasimində iştirakı isə faciənin canlı şahidlərinin artıq doğma torpaqda ədalətin bərpasını görməsinin rəmzi ifadəsidir. Bu fakt məcburi köçkünlük dövrünün başa çatdığını və tarixi ədalətin real həyatda öz əksini tapdığını nümayiş etdirir.

Prezident İlham Əliyevin çıxışında əsas xəttlərindən biri də müasir Azərbaycanın güc amili idi. Güclü iqtisadiyyat, müasir və peşəkar ordu, müstəqil siyasət kursu ölkənin təhlükəsizliyinin əsas təminatçısına çevrilib. Bu yanaşma göstərir ki, milli təhlükəsizlik və davamlı inkişaf bir-birini tamamlayan strateji istiqamətlərdir. İqtisadi müstəqillik siyasi qərarların sərbəst və milli maraqlara uyğun şəkildə qəbul edilməsinə imkan yaradır. Hərbi potensialın gücləndirilməsi regionda sabitliyin qorunması və mümkün təhdidlərin qarşısının alınması baxımından mühüm amildir. Bütün bu faktorlar birlikdə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.

Eyni zamanda, Ermənistan rəhbərliyinə ünvanlanan mesajlarda separatçılığa son qoyulmasının və regionda yeni reallıqların qəbul edilməsinin vacibliyi bir daha ifadə olunub. 2020-ci ildən sonra yaranmış geosiyasi vəziyyət regionda davamlı sülh üçün real zəmin yaradıb. Bu isə artıq qarşıdurma mərhələsindən əməkdaşlıq və sabitlik mərhələsinə keçid üçün tarixi imkan deməkdir. Azərbaycan tərəfi öz mövqeyini qətiyyətlə qorumaqla yanaşı, sülh gündəliyinə də sadiq olduğunu nümayiş etdirir.

Ümumilikdə, Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışı tarixi yaddaşın qorunması, beynəlxalq ədalət uğrunda mübarizə və dövlət suverenliyinin təmin edilməsi mövzularında konseptual nitq kimi mühüm önəm kəsb edir. Bu çıxışda həm keçmişin faciəsi, həm 30 illik mübarizə yolu, həm də əldə olunan hərbi-siyasi nəticələr vahid məntiqi xətt üzrə təqdim edilib. Xocalıda ucaldılan Memorial Kompleks isə yalnız bir abidə deyil, xalqın iradəsinin, dövlətin gücünün və tarixi ədalətin bərpasının təzahürüdür. Eyni zamanda, gələcək nəsillərə ünvanlanan bir mesajdır ki, milli yaddaş və dövlətçilik dəyərləri daim qorunmalı və möhkəmləndirilməlidir.

DİGƏR Xəbərlər Arxiv