Xəbərlər
Qələbə, suverenlik və tarixi ədalətin təntənəsi
Ramid Namazov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin fevralın 26-da Xocalı faciəsinin 34-cü ildönümündə Xocalı şəhərində yaradılmış Xocalı Soyqırımı Memorialının açılışında iştirakı mühüm tarixi rəmzi məna daşımaqla bərabər, erməni terrorizminin qanlı simasınının bir daha dünyaya nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdi.
Azərbaycan dövləti Ermənistan tərəfindən xalqımıza, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətin qisasını döyüş meydanında alaraq tək Xocalı camaatının deyil, bütün azərbaycanlılarının intiqamını yerdə qoymadı. O, Xocalını azad edərək oradan 34 il öncə didərgin salınmış sakinləri doğma torpaqlarına qovuşdurdu, itirilmiş ədaləti bərpa etdi.
Ancaq Xocalı yarası xalqımızın qan yaddaşına əbədi hopmuş faciə kimi heç vaxt silinməyəcək və buna görə də insanlıq əleyhinə törədilmiş bu bəşəri cinayətin unudulmaması dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qalmaqdadır. Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə iki il əvvəl təməli qoyulmuş Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması bir tərəfdən bu qanlı hadisələrin yaddaşlarda əbədi həkk olması, digər tərəfdən isə qətliamın və vəhşiliklərin hansı səviyyədə olduğunu dünya ictimaiyyətinə xatırlatmaq baxımından çox vacibdir.
Dövlət başçısının 2025-ci ilin fevralında imzaladığı müvafiq Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, milli yaddaşın qorunması məqsədilə, habelə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında yaradılmış Memorialın rəmzi atributları Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiyadır, sülh arzulayan Xocalının qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiramın əlamətidir.
Memorial Kompleksin açılışında çıxış edən cənab Prezidentin vurğuladığı kimi, Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı törədilmiş qanlı hərbi cinayətin dünya ictimaiyyətinə çatdırılması, haqq işimizin dünya birliyinə təqdim edilməsi Azərbaycan dövlətinin və ictimai təşkilatların qarşısında duran ən mühüm məsələlərdən biri olub.
Birinci dəfə prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışında Azərbaycan dövləti qarşısında ərazi bütövlüyünün tam bərpa edilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyan cənab İlham Əliyev ölkəmizi gücləndirməklə haqq işimizi beynəlxalq müstəvidə təsdiqləmək yolunda yorulmadan gecə-gündüz çalışdı. Ermənistanın müharibə cinayətləri haqqında, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırması üçün siyasi-diplomatik cəbhədə əzmkarlıqla döyüşdü.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti, xüsusilə də Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə son 20 il ərzində bir çox ölkədə həyata keçirilən genişmiqyaslı “Xocalıya ədalət!” hərəkatı dünya erməniliyinin əsl simasının ifşasında güclü təsir mexanizmi olub, Ermənistan dövlətinin arxasında duran dövlətlərin bu qanlı faciəni üstünü örtmək niyyətlərini alt-üst edib.
Cənab Prezidentin bildirdiyi kimi, “Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir”.
Qlobal miqyasda geniş əks-səda doğuran və Azərbaycanın soyqırımı ilə bağlı siyasi-diplomatik qələbələrinin təmin edilməsində həlledici rol oynayan “Xocalıya ədalət!” kampaniyasının növbəti uğuru Vətən müharibəsi və şanlı Zəfər oldu. Ali Baş Komandan qətiyyətlə dünyanın ali kürsülərindən Azərbaycanın heç vaxt işğalla barışmayacağının, ərazi bütövlüyünün bərpası üçün bir addım da dəmir iradəsindən geri çəkilməyəcəyinin ultimatumunu verdi.
O, güclü iqtisadiyyat və güclü ordu vəhdətinə güvənərək torpaqlarımızı işğaldan azad etdi, üç il sonra xüsusi antiterror tədbirləri nəticəsində Xocalını özümüzə qaytardı, müharibə cinayətkarlarının böyük bir qismi layiqli cəzalarını aldılar. Xocalının və digər ərazilərin erməni əsarətindən qurtulması haqq-ədalətin bərqərar olmasının təntənəsi oldu.
Nəhayət, sonuncu addım terrorçu rejimin liderləri sayılan ünsürlərin məhkəmə qarşısına gətirilməsi oldu. Onlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesinin yekununda həmin müharibə cinayətkarlar layiq olduqları cəzaya məhkum edildilər.
Ali Baş Komandanın bəyan etdiyi kimi, dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz hər qarış torpağını azad edərək ərazi bütövlüyünü və suverenliyini özü təmin etsin, o cümlədən müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. “Bunu biz etdik - Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. Bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik”.
Memorial Kompleks həm də Azərbaycan xalqının, ən əsası isə Xocalı sakinlərinin əyilməz ruhunun, dəmir iradəsinin, Qələbəyə olan inamın simvoludur. Öz yaxınlarını, doğmalarını itirmiş və illər ərzində ağrı, kədərlə yaşamış, doğma diyarından didərgin salınan insanların ədalətə, dövlətə və Silahlı Qüvvələrimizə inamı onların əyilməz vüqarının təntənəsidir. Memorial Kompleksin açılışında onların iştirakı bir daha bu, əyilməz ruhu nümayiş etdirdi.
