YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji resurslarının şaxələndirilməsi və yaşıl enerjiyə keçid

Vüqar İsayev

YAP Göygöl rayon təşkilatının sədri

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları qlobal enerji gündəliyinin ən aktual məsələlərinin müzakirə olunduğu mühüm platforma kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışı isə bu platformanın artıq regional təşəbbüs deyil, geniş coğrafiyanı əhatə edən strateji enerji mexanizminə çevrildiyini bir daha nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi toplantıya 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 enerji şirkətinin qatılması Bakının qlobal enerji diplomatiyası platformasına çevrildiyini göstərir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Avropanın geosiyasi təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevrilib. Onun mahiyyəti enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi vasitəsilə strateji asılılıqların azaldılmasından ibarətdir. Son illər Avropanın enerji bazarlarında baş verən qiymət şokları, təchizat riskləri və siyasi gərginliklər göstərdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Məhz bu reallıq fonunda Azərbaycan qazı alternativ və etibarlı mənbə kimi ön plana çıxdı. Avropa İttifaqının (Aİ) enerji siyasətində son dövrlər qəbul etdiyi qərarlar və Azərbaycanla imzalanmış strateji sənədlər göstərir ki, Bakı Avropanın enerji xəritəsində struktur əhəmiyyətli tərəfdaşdır.

Prezident İlham Əliyevin Məşvərət Şurasındakı çıxışında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına xüsusi yer ayırması iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Əgər əvvəlki dövrlərdə əməkdaşlığın əsas lokomotivi enerji sektoru idisə, hazırkı mərhələdə tərəfdaşlıq daha geniş – texnoloji, nəqliyyat-logistika, rəqəmsal transformasiya və təhlükəsizlik komponentlərini əhatə edən kompleks çərçivəyə malikdir. Süni intellekt, enerji və bağlılıq kimi istiqamətlərin bir sənəddə birləşdirilməsi müasir geosiyasətin prioritetlərini əks etdirir. ABŞ ilə strateji tərəfdaşlıq, ilk növbədə, siyasi çəkidə artım deməkdir. Qlobal güc mərkəzi ilə institusional səviyyədə təsbit olunmuş əməkdaşlıq Azərbaycanın beynəlxalq manevr imkanlarını genişləndirir. ABŞ şirkətlərinin və maliyyə institutlarının iştirakı layihələrin risk profilini aşağı salır və onların uzunmüddətli dayanıqlığını artırır. Eyni zamanda, bu tərəfdaşlıq təhlükəsizlik aspektinə də malikdir. Enerji infrastrukturu, rəqəmsal sistemlər və nəqliyyat marşrutları müasir dövrdə hibrid təhdidlərə açıq sahələrdir. Qeyd edilməlidir ki, ABŞ ilə əməkdaşlıq bu sahələrdə standartların yüksəldilməsi və texnoloji qoruma mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan bu prosesi balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində aparır. ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi digər tərəfdaşlarla münasibətlərin zəiflədilməsi anlamına gəlmir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq quraraq öz suveren qərarvermə imkanlarını qoruyur.

Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının çıxışında işğaldan azad edilmiş ərazilərdə hidroelektrik stansiyalara yatırılan sərmayələrin xüsusi vurğulaması strateji məntiqə əsaslanır. İqtisadi aspektdən yanaşdıqda, Qarabağ və Şərqi Zəngəzur zəngin su və alternativ enerji potensialına malikdir. Kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması regionun enerji təminatını yerli mənbələr hesabına formalaşdırmağa imkan verir. Bütün bunlar isə iki strateji nəticə yaradır: birincisi, daxili enerji balansında optimallaşma; ikincisi isə ölkə üzrə ümumi ixrac imkanlarının genişlənməsi. Başqa sözlə, azad edilmiş ərazilərdə istehsal olunan “yaşıl enerji” digər bölgələrdə qaz sərfiyyatını azaldaraq ixraca əlavə resurs yaradır. Digər tərəfdən, siyasi aspekt daha dərin məzmun daşıyır. Enerji infrastrukturu dövlət suverenliyinin praktik alətidir. Elektrik şəbəkələrinin qurulması, istehsal və paylama sistemlərinin mərkəzi idarəetməyə inteqrasiyası ərazilərdə real və davamlı dövlət mövcudluğunu möhkəmləndirir. İnfrastrukturun qurulması, faktiki olaraq, siyasi nəzarətin institusional əsasını formalaşdırır. Eyni zamanda, yaşıl enerji layihələri beynəlxalq investorlar üçün mühüm siqnaldır. Postmünaqişə zonasında risklərin minimuma endirilməsi, müasir standartlara uyğun layihələrin icrası və beynəlxalq tərəfdaşların cəlb olunması göstərir ki, Azərbaycan bu əraziləri uzunmüddətli iqtisadi dövriyyəyə daxil etmək niyyətindədir. İnvestor üçün əsas meyar, təbii ki, proqnozlaşdırıla bilənlik və institusional sabitlikdir.

Onu da qeyd edək ki, ölkəmizin təsdiqlənmiş qaz ehtiyatlarının uzun illər üçün kifayət etməsinə baxmayaraq, milyardlarla dolların “yaşıl enerji”yə yatırılması strateji uzaqgörənliyin göstəricisidir. Gələcəkdə Avropa bazarında “yaşıl enerji” və “yaşıl hidrogen” tələbatının artacağı nəzərə alınarsa, indidən yaradılan infrastruktur Azərbaycanın rəqabət qabiliyyətini qoruyacaq. Digər mühüm aspekt daxili istehlakın optimallaşdırılmasıdır. Əgər ölkə daxilində elektrik enerjisinin istehsalında bərpaolunan mənbələrin payı artırsa, təbii qazın böyük hissəsi ixraca yönəldilə bilər. Qlobal iqlim gündəliyinə konstruktiv inteqrasiya məsələsi də diqqətəlayiqdir. Azərbaycan beynəlxalq iqlim mexanizmlərində iştirak etməklə və konkret layihələr reallaşdırmaqla məsuliyyətli enerji istehsalçısı imicini möhkəmləndirir. Prezidentin Xəzər dənizinin səviyyəsinin azalmasına diqqət çəkməsi enerji siyasətinin ekoloji reallıqlarla uzlaşdırıldığını göstərir. İqlim dəyişiklikləri konkret regional təsirlərlə müşahidə olunan prosesdir. Həmçinin qeyd etməliyik ki, dəniz səviyyəsinin azalması liman infrastrukturuna, dəniz nəqliyyatına, xüsusilə Orta Dəhliz çərçivəsində artan yükdaşımalarına təsir göstərə bilər. Xəzər amili həm də regional əməkdaşlıq məsələsini gündəmə gətirir. Çünki dənizin səviyyəsinin dəyişməsi sahilyanı bütün dövlətləri əhatə edən ortaq çağırışdır. Toplantı bir daha göstərdi ki, Azərbaycan enerji dialoqunun təşəbbüskarı, gündəmi formalaşdıran və müxtəlif maraqları uzlaşdıran aktora çevrilib. Əgər əvvəlki mərhələdə Azərbaycan enerji xəritəsində mühüm tranzit və təchizat ölkəsi kimi tanınırdısa, hazırkı mərhələdə enerji diplomatiyasının institusional platformasını yaradan mərkəz funksiyasını icra edir.

Bakı geniş Avrasiya məkanında enerji-strateji qovşaq kimi çıxış etmək iddiasını praktik addımlarla əsaslandırır. Enerji diplomatiyası ölkəmizin xarici siyasətinin əsas dayaqlarından biridir və rəsmi Bakı bu reallığı ardıcıl şəkildə institusionallaşdırır.