YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında qadınların rolu” mövzusunda tədbir keçirib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Sonra Azərbaycanda dövlət qadın siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli və başqaları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət qadın siyasətinin nəticələrindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanda qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün bütün şərait yaradılıb. Dövlətimiz tərəfindən qadınlara xüsusi diqqət və qayğı göstərilir, onların əməyi yüksək qiymətləndirilir.

Bildirilib ki, qadına hörmət, ehtiram və qayğı hər bir cəmiyyətin, xalqın dünya görüşünün, mədəniyyətinin, mənəvi dəyərlərinin sanki bir məhək daşıdır. Azərbaycanın mədəniyyətində qadına hörmət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan qadını zərif olduğu qədər güclüdür. Azərbaycan qadını lazım gələndə düşmənə qarşı savaşan bir qəhrəman, çətin anlarda yol göstərən, Vətən naminə övladından belə keçən ana və fədakarlıq nümunəsi olan bacıdır, yoldaşdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarının parlaq lideri, ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın timsalında hamisi olan qadınlarımız onun açdığı yolla ictimai-sosial, mədəni-mənəvi sahələrdə ölkəmizin inkişafına töhfələr verməkdə davam edirlər. Onun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə, ümumilikdə ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələr, bütün Azərbaycan qadınlarına, xalqa, dövlətə xidmət, ailəsinə sonsuz bağlılıq, sevgi və sədaqət hisslərindən qaynaqlandığını təlqin edir.

Natiqlər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd ediblər.

Çıxışlardan sonra ictimai-sosial fəaliyyətinə görə fərqlənən, yubiley yaşında olan xanımlara fəxri fərman, təşəkkürnamə, eləcə də YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunlarına sertifikat, partiyaya yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.