YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitliyə qarşı təxribat cəhdləri yolverilməzdir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Naxçıvan Muxtar Respublikası ərazisinə yönəldilmiş dron hücumu regionda təhlükəsizlik və sabitlik baxımından ciddi narahatlıq doğuran hadisə kimi qiymətləndirilməlidir. İran İslam Respublikası ərazisindən həyata keçirildiyi bildirilməsi bu hadisəni Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş açıq təxribat kimi səciyyələndirməyə əsas verir. Mülki infrastruktura, xüsusilə də vətəndaşların istifadəsində olan obyektlərə qarşı bu cür hücumların təşkili beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət edən təhlükəli presedent yaradır.

Azərbaycan Respublikası öz xarici siyasətində daim qonşuluq, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik prinsiplərinə əsaslanmışdır. Ölkəmiz heç vaxt öz ərazisinin digər dövlətlər üçün təhlükə mənbəyinə çevrilməsinə imkan verməmişdir. Bu siyasətin bariz nümunələrindən biri Azərbaycan Prezidenti İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi və İranın Azərbaycandakı səfirliyini ziyarət etməsi olmuşdur. Ümumilikdə Azərbaycan dövləti çətin məqamlarda qonşu dövlətlərə dəstək göstərən və humanitar həmrəylik nümayiş etdirən məsuliyyətli tərəfdaş kimi tanınır.

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası ərazisində mülki obyektlərin hədəfə alınması yalnız hərbi deyil, həm də siyasi və mənəvi baxımdan qəbuledilməz addım kimi qiymətləndirilməlidir. Bu cür hücumlar dinc əhaliyə qarşı yönəlmiş təhlükəli hərəkətlər kimi dəyərləndirilməli və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməlidir. Azərbaycan Respublikası isə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz milli təhlükəsizliyini təmin etmək və bu kimi təxribatların qarşısını almaq üçün zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.