YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Regional sabitliyə təhlükə yaradan məsuliyyətsiz addım

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Regionda sülh, qarşılıqlı hörmət və qonşuluq münasibətlərinin qorunması Cənubi Qafqazda sabitliyin əsas şərtlərindən biri kimi daim aktuallığını saxlayır. Təəssüf ki, son günlər İran İslam Respublikası ərazisindən həyata keçirilmiş dron hücumu bu prinsiplərə zidd olmaqla yanaşı, regionda gərginliyi artıran təhlükəli presedent kimi qiymətləndirilməlidir.

İlk növbədə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikasının ərazisində mülki infrastruktura qarşı həyata keçirilən dron zərbəsi qətiyyətlə pislənilməlidir. Bu cür addımlar beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə zidd olmaqla yanaşı, dövlətlərarası münasibətlərin əsaslarını təşkil edən etimad mühitinə də ciddi zərbə vurur. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran tərəfinin üzərinə düşür və rəsmi Tehran bu məsələyə operativ şəkildə aydınlıq gətirməlidir.

İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi hava limanının hədəfə alınması yalnız hərbi baxımdan deyil, həm də siyasi və mənəvi baxımdan qəbuledilməzdir. Mülki infrastruktura qarşı dron hücumunun təşkili acizlik və qorxaqlıq əlaməti olmaqla yanaşı, dinc əhaliyə qarşı yönəlmiş terror aktı kimi qiymətləndirilməlidir. Bu, həmçinin regionda təhlükəsizlik balansına qarşı məsuliyyətsiz yanaşmanın açıq göstəricisidir.

Azərbaycan dövləti bütün dövrlərdə qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Azərbaycan ərazisindən heç vaxt İran və ya hər hansı digər ölkə üçün təhlükə olmayıb və yoxdur. Əksinə, Azərbaycan çətin məqamlarda qonşularına dəstək göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verməsi, səfirliyi ziyarət etməsi və humanitar yardım təşəbbüsü bunun bariz nümunəsidir.

Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyektləri hədəfə alması yalnız nankorluq və riyakarlıq kimi qiymətləndirilə bilər. Eyni zamanda, İran daxilində yaşayan milyonlarla azərbaycanlının hüquqlarının sistemli şəkildə məhdudlaşdırılması, milli fəalların təqibi və cəzalandırılması kimi hallar da bu siyasətin davamlı xarakter daşıdığını göstərir.

Azərbaycan hər zaman prinsipial mövqe nümayiş etdirib və bu gün də beynəlxalq hüquqa əsaslanan yanaşmasını davam etdirir. Bununla yanaşı, rəsmi Bakı baş vermiş hadisə ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Azərbaycan ərazisinə qarşı yönəlmiş hücum aktları heç vaxt cavabsız qalmayıb və tarix göstərir ki, ölkəmizə qarşı düşmənçilik edən qüvvələr hər zaman peşman olublar.

Mövcud vəziyyətdə İran İslam Respublikası qısa müddət ərzində hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz addımlar atmalıdır. Regionun sabitliyi və təhlükəsizliyi yalnız məsuliyyətli davranış, beynəlxalq hüquqa hörmət və səmimi siyasi iradə ilə təmin oluna bilər.

DİGƏR Xəbərlər Arxiv