Xəbərlər
Azərbaycana qarşı bütün təxribat cəhdləri iflasa məhkumdur
Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü, professor
İran silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Baxmayaraq ki, bu ölkənin xarici işlər nazirinin müavini mətbuata açıqlamasında baş verən insidentdən xəbərsiz olduqlarını, ciddi araşdırılacağını, ondan sonra real münasibət bildirməyin mümkünlüyünü qeyd edib. Ötən gün qardaş Türkiyənin, bu gün də Azərbaycanın hədəf alınması təsadüf ola bilməz. Kimin nə deməsindən aslı olmayaraq, bu, açıq təxribat, regionda vəziyyəti daha da qızışdırmaq, regionun bütün ölkələrini qarşısıalınmaz proseslərə cəlb etməkdir. Yaxşı, əgər viranə qoyulmaqda olan İranın özlərinin də başa düşmədikləri qəliz siyasəti ABŞ və İsrail hərbi bazalarına hücum etməkdirsə, onda Azərbaycan ərazisinə pilotsuz uçuş aparatları ilə hücum etmək hansı məna kəsb edir? Atəşin hədəfləri mülki obyektlərdirsə, Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərdirsə, bu faktlar açıq-aşkar terror kimi qiymətləndirilməlidir.
İranda ali rəhbərliyindən tutmuş sıravi vətəndaşına qədər hər kəs yaxşı başa düşür ki, Azərbaycan “uzaq qohumdan, yaxın qonşu irəlidir” deyiminə həm sözdə, həm də əməldə riayyət edərək, daim qonşuluq prinsipinə sadiq qalmaqdadır. Azərbaycan ərazisi İran və ümumiyyətlə, heç bir uzaq və ya yaxın qonşu, dost və ya strateji ölkə üçün heç vaxt təhlükə olmayıb. Dövlətimizin başçısı İranın Ali Liderinin ölümü ilə bağlı dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib. Azərbaycanın xoş niyyətlərini, xeyirxah addımlarını görməzdən gəlmək, xain ölkənin rəhbərliyinin pis xislətindən başqa bir şey deyil.
Düzdür, bu kimi təxribatçı hallar İran tərəfindən ölkəmizə birinci dəfə yol verilmir. Unutmadıq və heç zaman da unutmayacağıq. İran Birinci Qarabağ müharibəsində bizim məğlub olmağımıza sevinib, 44 günlük Vətən müharibəsində isə qələbəmizi həzm edə bilmirdi. İran ərazisində yaşayan soydaşlarımıza qənim kəsilən, onları bütün insani hüquqlardan məhrum edən, daim təzyiq altında saxlayan, azərbaycanlı fəalları təqib edən, tez-tez cəzalandıran məhz molla rejimidir.
ABŞ və İsrailin son hücumlarından əvvəl Azərbaycan rəhbərliyinin ərazimizin heç bir halda İrana qarşı istifadə olunmayacağı barədə dəfələrlə açıqlama vermələrinə baxmayaraq, belə bir açıq təxribata yol verilməsi qarşı tərəfin ölkəmizə qarşı nankor və ikiüzlü münasibətindən irəli gəlir. Başqa sözlə, bu hərəkətlər bir daha onların nankorluğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi kimi, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir. Əks halda atacağımız addımlardan onları heç kim və heçnə sığortalamayıb. Müstəqil, suveren ölkə kimi mütləq qərarlarımızın sahibiyik. Ölkəmizə, onun vətəndaşlarına qarşı yönələn istənilən təxribatlara cavab vermək iqtidarındayıq.
