YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüşün növbəti qonağı YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı olub.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Ümummilli Lider Heydər Əliyev mühazirələrinin Ulu Öndərin zəngin siyasi irsinin, azərbaycançılıq ideologiyasının və müasir müstəqil dövlət quruculuğu konsepsiyasının elmi əsaslarla təbliğini təmin etdiyini deyib. O qeyd edib ki, bu platforma sağlam və intellektual müzakirə mühitinin inkişafına xidmət edir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, dünya siyasətinə adını yazdıran müdrik siyasi lider Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi siyasi xətt, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri heç şübhəsiz Prezident, Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib.

Daha sonra məruzə ilə çıxış edən YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti sayəsində mümkün olub.

Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Vurğulanıb ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı qürurludur. Otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixi Zəfərlərimizlə azadlığa qovuşdu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib. Məlahət İbrahimqızı çıxışında onu da qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir.