YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı RİH-in başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Azərbaycan Respublikasında gender siyasəti dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılır. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gender bərabərliyi prinsiplərinə əsaslanan dövlət siyasəti nəticəsində Azərbaycan qadınları ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində fəal iştirak etmək imkanı qazanıblar: “Bu siyasət sayəsində qadınların hüquq və azadlıqlarının təmin olunması, onların dövlət idarəçiliyində və qərar qəbuletmə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm institusional mexanizmlər formalaşdırılıb.

Emil Abasov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində qadınların cəmiyyət həyatında rolu daha da güclənib, onların sosial müdafiəsinin möhkəmləndirilməsi, əmək bazarında fəallığının artırılması və ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində kompleks dövlət proqramları uğurla icra olunur. O, həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti qadın hərəkatının inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və cəmiyyətdə sosial həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir.

Daha sonra çıxış edən Pirallahı Bələdiyyəsinin sədri Əli Kərimov bildirib ki, Azərbaycan qadınları hər zaman ailə dəyərlərinin qoruyucusu olmaqla yanaşı, cəmiyyətin inkişafında da fəal iştirak edib. O qeyd edib ki, bu gün qadınların hüquqlarının qorunması və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən siyasət xanımlara göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova bildirib ki, Azərbaycan qadınları elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək cəmiyyətin inkişafına əhəmiyyətli töhfələr veriblər. Qeyd olunub ki, müasir dövrdə qadınların bütün sahələrdə fəal iştirakı dövlətin inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Yekunda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbir iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan qadınları tarix boyu öz müdrikliyi, fədakarlığı və vətənpərvərliyi ilə seçiliblər. O vurğulayıb ki, bu gün də qadınlar dövlət idarəçiliyində, ictimai-siyasi həyatda və müxtəlif sahələrdə fəal iştirak edərək cəmiyyətin tərəqqisinə mühüm töhfələr verirlər. Rayon rəhbəri, həmçinin şəhid analarına, qazilərin həyat yoldaşlarına göstərdikləri səbir, iradə və fədakarlığa görə dərin minnətdarlığını ifadə edib.

Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup qadına YAP Pirallahı rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr təqdim olunub.