Xəbərlər
"Silinən izlər. Azərbaycan İrəvanı" adlı sənədli filmin təqdimat mərasimi keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının birgə təşkilatçılığı ilə ssenari müəllifi Füzuli Sabiroğlunun olduğu “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, YAP Veteranlar Şurasının üzvü, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri Elxan Hüseynov, YAP Veteranlar Şurasının üzvü Arif Qaraşov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Qərbi Azərbaycan İcmasının Yasamal rayon nümayəndələyinin sədri, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Bakı Dövlət Universitetinin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin direktoru Xalid Niyazov, “ARB24” telekanalının icraçı direktoru Radik İsmayılov, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Təqdimat mərasiminin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.
Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli film nümayiş olunub.
“Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmin ssenari müəllifi Fizuli Sabiroğlu qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs və Prezident İlham Əliyevin qətiyyətli siyasəti Qərbi Azərbaycana qayıdış ideyasını milli məqsəd və tarixi ədalətin bərpasına yönəlmiş mühüm dövlət siyasətinə çevirmişdir. Bununla bağlı olaraq “Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filmi də mühüm əhəmiyyətə malikdir. Sənədli film qədim İrəvan şəhərinin əsrlər boyu Azərbaycan türklərinin yaşayış məkanı olduğunu tarixi mənbələr, arxiv materialları və elmi faktlarla nümayiş etdirir. Ekran əsərində vaxtilə Azərbaycan xalqının maddi və mənəvi izlərini daşıyan məscidlərin, məhəllələrin, qəbiristanlıqların, memarlıq abidələrinin və digər maddi mədəniyyət nümunələrinin sistemli şəkildə məhv edilməsi araşdırılır. Sənədli film keçmişin xatırladılması ilə yanaşı, həm də tarixə qarşı aparılan saxtalaşdırma siyasətinə qarşı faktlarla verilən ciddi bir cavab kimi diqqət çəkir. “Silinən izlər. Azərbaycan İrəvanı” filmi milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından böyük ideoloji və ictimai əhəmiyyət daşıyan sənədli əsərdir.
Çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri Elxan Hüseynov bildirib ki, Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan xalqının tarixi yaddaşına, milli kimliyinə və ədalət prinsipinə əsaslanan mühüm strateji xəttdir. Bu istiqamətdə siyasi və ideoloji əsasların formalaşmasında Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynamış, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsini daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlamışdır. Ulu Öndərin müəyyən etdiyi milli dövlətçilik strategiyası tarixi ədalətin bərpası və soydaşlarımızın doğma yurdlarına qayıdış ideyasını gələcək nəsillər üçün mühüm vəzifə kimi müəyyənləşdirmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldilmişdir. Dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının beynəlxalq müstəvidə tanıdılması və onların dinc, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması istiqamətində ardıcıl addımlar atılır. Bu istiqamətdə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası soydaşlarımızın doğma yurdlarına beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə qayıdışını nəzərdə tutur. Bu yanaşma Azərbaycanın humanist və ədalətli dövlət siyasətinin parlaq ifadəsidir. Bu baxımdan da “Silinən izlər. Azərbaycan İrəvanı” adlı sənədli filmi qlobal miqyasda mühüm əhəmiyyətə malikdir.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
