Xəbərlər
Azərbaycanın regional rolu önəmlidir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
“Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik.” Prezident İlham Əliyev martın 11-də ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşlərində, mətbuata bəyanatlarında Azərbaycanla qurum arasında tərəfdaşlığın əhatə etdiyi sahələrdən geniş bəhs edərək perspektivləri diqqətə çatdırdı.
Regionda sülhün və təhlükəsizliyin təmin edilməsinin əlaqələrin inkişafında əsas faktorlardan biri olduğu xüsusi vurğulandı. Prezidentlər mətbuata bəyanatlarında tarixi sülh razılaşmasından, onun qısa zamanda öz bəhrəsini verməsində geniş bəhs etdilər. Dövlətimizin başçısı “Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cənab Prezidentə söylədiyim kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq” söyləyərək vurğuladı ki, müstəqilliyimiz 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq: “Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir”.
Avropa İttifaqı Şurasının Prezidenti isə qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir. Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır. Biz həqiqi sülhün insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik. Qarşılıqlı iqtisadi asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan birmənalı yoldur və Avropa İttifaqı hamının faydası üçün bu imkanlardan yararlanmağa kömək etməyə hazırdır. Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir.
Bütün bu qeyd etdiklərimiz Azərbaycanla Avropa arasında münasibətlərin yalnız iqtisadi və enerji sahələri ilə məhdudlaşmadığını təsdiqləyir. Prezidentlərin qəbul etdikləri 15 bənddən ibarət mətbuat bəyanatında bütün bu məqamlara bir daha aydınlıq gətirilir. Qeyd edilir ki, Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısını almaq məqsədilə müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın faydasını vurğulayıblar. Rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyətini etiraf ediblər, innovasiyanı, iqtisadi dayanıqlılığı və inkişafı gücləndirmək, həmçinin davamlı və artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək məqsədilə bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər. Prezidentlər, həmçinin səfərlərin artırılması da daxil olmaqla, insanlar arasında təmasların vacibliyini bir daha təsdiq ediblər. Onlar qarşılıqlı səyahətləri daha da asanlaşdırmaq məqsədilə Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasını alqışlayıb, təhsil, mədəniyyət, gənclər və tədqiqat sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bildiriblər.
