Xəbərlər
Təhlükəsizlik və sabitlik əsas amillərdir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Martın 12-dən 14-dək davam edən, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun iştirakçılarının say və təmsilçilik səviyyəsi də bunun bariz nümunəsidir. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak etdilər.
Dövlət başçısı İlham Əliyev çıxışında “Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir” söyləyərək onu da qeyd etdi ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər.
İştirakçılar istər Forumun açılışındakı çıxışlarında, istərsə də tədbir çərçivəsində keçirilən panel iclaslarda bu reallıqlara diqqəti yönəltdilər ki, artıq 13-cü dəfədir Bakı Forumuna toplaşırıq. İlbəil görürük ki, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir. Qlobal Bakı Forumları dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edilir. Reallığı özündə əks etdirən belə dəyərləndirmələr düzgün qurulan və möhkəm təmələ əsaslanan siyasətin uğurlarına, hər bir ölkənin beynəlxalq nüfuz qazanmasında roluna işıq salır. Ölkəmizin hər bir təşəbbüsünə beynəlxalq dəstək yüksək səviyyədədir. Forumu digər platformalardan fərqləndirən əsas cəhətlərdən biri coğrafi cəhətdən əhatəli olmasıdır. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçıların fikir mübadiləsi aparmaq üçün paytaxt Bakını seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan müxtəlif ölkələri, xalqları bir araya gətirən körpü rolunu oynayır. Azərbaycan bu gün sülh gündəliyinin və yeni əməkdaşlıq fomatlarının müəllifi kimi nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha sülhə, təhlükəsizliyə, birliyə, əməkdaşlığa çağırışlar etdi, Azərbaycanın sülh təcrübəsindən danışdı. Bildirdi ki, biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, biz dünya miqyasında nadir bir təcrübəyə malikik - milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi. Təqribən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur. Biz beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə lazımi diqqətin göstərilməməsindən və münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkirdik. Təxminən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən qətnamələri yalnız kağız üzərində qalırdı. Beləliklə, bu bir təcrübədir, amma bu, mənfi təcrübə olmuşdur. Daha sonra 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq və düşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, daha sonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu da müasir tarixdə, son onilliklərdə nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçüncü təcrübə isə sülh təcrübəsidir – sülhə necə nail olmaq olar. Bu isə asan iş deyil. Biz görürük ki, uzunmüddətli münaqişələr davam edir və qlobal xəritədə yeni gərginlik nöqtələri yaranır. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması da nadir bir vəziyyətdir: 2023-cü ilin sentyabrında baş verən son qanlı toqquşmadan 2025-ci ilin avqustunda sülhün əldə edilməsinə qədər müddət iki ildən az çəkdi. Hesab edirəm ki, bu, normallaşmanın görünməmiş sürətidir və güclü siyasi iradənin mövcudluğu və düşmənçiliyin əbədiyyətə qədər davam edə bilməyəcəyinin, müharibənin sona çatmalı olduğunun dərk edilməsi sayəsində mümkün oldu. Bu, iki ölkə tərəfindən verilmiş bir qərar idi və indi biz yeddi aydır sülh şəraitində yaşayırıq. Biz artıq sülhün üstünlüklərini görürük. Mən bunu dəfələrlə demişəm və bir daha təkrar edəcəyəm: sülhdən daha yaxşı heç nə yoxdur.
Hər bir çağırış və onun reallıqda öz əksini tapması təhlükəsiz gələcəyin təmin edilməsinə bir töhfədir. Cənab İlham Əliyev bildirdi ki, indi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır. Çünki bunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır. Öz inkişafı uğrunda illər, onilliklər ərzində səy göstərmiş ölkələr indi ciddi risklərlə üzləşirlər. Təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Göründüyü kimi, hər il keçirilən və dövrün çağırışlarını özündə əks etdirən Qlobal Bakı Forumları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, həmçinin gündəmə gətirilən məsələlərin müzakirəsi zamanı ortaq mövqenin əldə edilməsində əhəmiyyətli rol oynayır.
