YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-də  öz işinə başlayıb martın 14-də başa çatan “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunun  müzakirəyə çıxardığı məsələlər, səsləndirilən çağırışlar hazırda ölkə mətbuatında geniş müzakirə edilir.

Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Müxtəlif regionlardan iştirakçıların qatılması forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirir. Dünyanın qlobal problemlərinin ölkəmizdə müzakirə olunması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatıdır. Ümumilikdə Azərbaycan iqtisadi, siyasi və humanitar mərkəzə çevrilib. Elə ay, həftə yoxdur ki, paytaxt Bakı beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsin, yaxud Azərbaycan diplomatik uğurları ilə diqqətdə olmasın.  

Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik məkanına  çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Azərbaycan ev sahibliyi ilə keçirilən tədbirlərin yüksək səviyyədə təşkili,  iştirakçıların sayının ildən-ilə artması bir daha təsdiqləyir ki, Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmlənir.

XIII Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forumda aparılan müzakirələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq bildirdi ki, XIII Qlobal Bakı Forumunda burada - Bakıda görüşmək bizdə məmnunluq hissi doğurur. Bu tədbir indi xüsusilə önəmlidir. Çünki uzun illər ərzində sanki belə də olmalı imiş kimi qəbul etdiyimiz beynəlxalq münasibətlər və çoxtərəflilik sisteminin quruluşu gərginlik altındadır və bəlkə də pozulub. Beləliklə,  bizim vəzifəmiz dünyanın hansı şəkildə ola biləcəyi və olmalı olduğunu yenidən təsəvvür etmək üçün sizin təcrübəniz və müdrikliyinizdən yararlanmaqdır. Bunun üçün nostalji hisslərlə keçmişə baxmalı deyil, daha yaxşı gələcək qurmaq üçün bələdçi rolunu oynayacaq prinsiplərə sadiqliyi nümayiş etdirməliyik.

Dövlət başçısı İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında vurğuladı ki, bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi genişspektrli məsələləri əhatə edən və çox yüksək beynəlxalq nüfuza malik aparıcı beynəlxalq qurumlardan biridir. Mərkəzin fəaliyyətini il ərzində diqqətlə izləyirəm, bir qlobal forumdan digərinə keçərkən görürəm ki, fəaliyyət sahəsi getdikcə genişlənir. Təmaslar son dərəcə fəaldır və dəyişən beynəlxalq vəziyyətə uyğun yeni yanaşmaların işlənib hazırlanmasına verilən töhfə həqiqətən böyük qiymətə layiqdir. Qlobal Bakı Forumuna gəldikdə isə bu, çox nüfuzlu beynəlxalq tədbirdir. Deyərdim ki, qlobal miqyasda bu forum əsas beynəlxalq forumlarla eyni səviyyədədir: iştirakçıların – prezidentlərin, Baş nazirlərin, parlament spikerlərinin, tanınmış ictimai fiqurların, diplomatların, işgüzar dairələrin və vətəndaş cəmiyyəti nümayəndələrinin təcrübəsi baxımından olduqca yüksək səviyyədədir. Həyatımızın müxtəlif sahələrini əhatə edənlər bir araya gələrək fikir mübadiləsi aparır və təcrübə paylaşırlar, qeyd etdiyim kimi, xalqların həyatını daha yaxşı və daha təhlükəsiz etmək üçün ideyalar irəli sürürlər. Builki Forumun gündəliyi çox genişdir.

Prezident İlham Əliyev çıxışında, həmçinin diqqəti Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələrə yönəltdi. “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır” deyən cənab İlham Əliyev vurğuladı ki,  boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək. Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır.

Cənab İlham Əliyevin hər zaman çıxışlarında qeyd etdiyi kimi, əsrlər boyu Azərbaycan sivilizasiyaların bir araya gəldiyi məkan olub. Bizim coğrafi yerləşməmiz və xalqımızın tarixi irsi Azərbaycanda xüsusi ab-hava yaradıb. Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Ölkəmiz hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır.