Xəbərlər
Qlobal çağırışlar və beynəlxalq əməkdaşlıq perspektivləri
Elçin Quliyev
YAP Nərimanov rayon təşkilatının sədri
Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirakı, əlbəttə ki, çəkisinin göstəricisidir.
Çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət edir. Eyni zamanda, Artıq uzun illərdir Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu tədbir müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir.
Digər tərəfdən, forumun panel və ümumi müzakirələrində ən çox fokslanan, diqqət çəkən bir mövzu var. Hazırda Qərbin əksər nüfuzlu beyin mərkəzləri bu fikirdədir ki, Qafqaz üzərindən keçən Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təminatında alternativ mənbələrin formalaşmasına xidmət edir. Hazırkı geosiyasi şəraitdə Orta Dəhliz artıq sadəcə alternativ marşrut deyil, getdikcə daha strateji ticarət və nəqliyyat xəttinə çevrilir. Süveyş xətti və Yaxın Şərqdə təhlükəsizlik riskləri artdıqca Avropa ilə Asiya arasında ticarətin müəyyən hissəsinin Qafqaz və Xəzər marşrutu üzərindən yönləndirilməsi ehtimalı daha da güclənir. Bu gün hava əməliyyatlarının əhəmiyyətli hissəsi belə artıq bu xətt üzərindən həyata keçirilir.
Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, etibarlı siyasəti və yaradılan əlverişli biznes mühiti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir. XIII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün geniş mövzu spektri və dərin müzakirələri ilə mühüm platforma rolunu oynayacaq. Burada aparılacaq diskussiyalar beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcək.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu 2023-cü ilin sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
“Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübədir. Milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il ərzində ərazimizin 20 faizi işğal altında oldu”. Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. “Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik”, - deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Asiyadan Avropaya gedən nəqliyyat marşrutlarını və mövcud dəhlizləri nəzərdən keçirdikdə görünür ki, yükdaşımaların 90 faizi hələ də dəniz yolu vasitəsilə həyata keçirilir. Hazırda Asiya və Avropa arasındakı ticarət dövriyyəsi 3 trilyon dollar təşkil edir ki, bu da kifayət qədər böyük göstəricidir.
Orta Dəhliz təhlükəsizlik baxımından daha sabit quru və yarım dəniz daşımaları alternativi təqdim edir. Eyni zamanda, bu marşrut siyasi riskləri bölüşdürən bir xətt formalaşdırır və tədarük zəncirlərində yarana biləcək fasilələrin təsirini azaltmaq potensialına malikdir. Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz, Türkiyə və Avropaya qədər uzanan geniş bir ticarət marşrutunu birləşdirir. Bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə əsas ölkələr kimi ön plana çıxır. Xüsusilə Azərbaycan bu sistemdə mühüm logistika mərkəzi kimi çıxış edir. Azərbaycan Xəzər dənizi üzərindən daşımaları mümkün edən strateji keçid nöqtəsi olmaqla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi regional əhəmiyyətli logistika mərkəzinə də malikdir. Bundan əlavə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti vasitəsilə Qafqaz üzərindən Türkiyə və Avropaya birbaşa əlaqə təmin olunur.
Geopolitik risklərin davamlı şəkildə artdığı bir dövrdə, xüsusilə Süveyş kanalı, Qırmızı dəniz və Hörmüz boğazı kimi qlobal ticarət üçün kritik əhəmiyyətə malik keçid nöqtələrində təhlükəsizlik problemlərinin yüksəlməsi Avropa ilə Asiya arasında alternativ logistika marşrutlarına marağı əhəmiyyətli dərəcədə artırır. Bir sözlə, XIII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə edilir.
Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradır. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzindədir. Görünən odur ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Prezident İlham Əliyevin uzaqgörən və davamlı siyasəti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Müasir dövrdə dünya siyasətində dəyişikliklərin baş verdiyi, bəzən ədalətə, bəzən də ikili standartlara əsaslanan yanaşmaların müşahidə olunduğu bir dövrdə Azərbaycanın müstəqil siyasət həyata keçirərək, dəyişməz mövqeyini sərgiləyir.
