YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh və sabitliyin tərəfdarıdır

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan XIII Qlobal Bakı Forumu olduqca əhəmiyyətlidir. Xüsusi ilə də indiki mürəkkəb və çətin dövrdə bu platformada  müzakirə olunan məsələlər, edilən tövsiyələr, səslənən təkliflər sülh və təhlükəsizliyin təmin edilməsi baxımından önəmli rol oynayır.

Regional təhlükəsizlik hər bir dövlətin müstəqilliyini, suverenliyini və davamlı inkişafını təmin edən əsas amillərdən biridir. Xüsusilə mürəkkəb geosiyasi bölgələrdə yerləşən ölkələr üçün təhlükəsizlik məsələləri dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan da belə ölkələrdən biridir. Tarixən müxtəlif siyasi proseslərin və münaqişələrin təsiri altında olan bu regionda sabitliyin qorunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Buna görə də regional təhlükəsizlik məsələsi Azərbaycanın daxili və xarici siyasətində hər zaman bir nömrəli prioritet kimi çıxış edib.

Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm strateji bölgədə yerləşir. Bu mövqe ölkənin həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etməsinə səbəb olur. Enerji resurslarına malik olması, beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi və müxtəlif dövlətlərin maraq dairəsində olması Azərbaycanın regional təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirməsini zəruri edir.

Regional təhlükəsizlik məsələsinin Azərbaycan üçün prioritet olmasının əsas səbəblərindən biri uzun illər davam edən Qarabağ münaqişəsi idi. Bu münaqişə nəticəsində ölkənin ərazi bütövlüyü pozulmuş və regionda ciddi siyasi gərginlik yaranmışdı. Bu vəziyyət Azərbaycan dövlətini həm hərbi, həm də diplomatik sahədə daha fəal və məqsədyönlü siyasət yürütməyə vadar etdi.

Müharibədən sonra Azərbaycanın əsas prioritetlərindən biri Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq mühitinin yaradılması olmuşdur. Bu istiqamətdə Azərbaycan hökuməti regionda kommunikasiyaların açılması və ticarət əlaqələrinin bərpası ilə bağlı bir sıra mühüm addımlar atmışdır. Azərbaycan tərəfi humanist və konstruktiv siyasət yürüdərək Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində qərarlar qəbul etmişdir. Bu addım ölkəmizin sülhə və əməkdaşlığa sadiqliyinin bariz nümunəsidir. Azərbaycanın məqsədi regionda qarşılıqlı etimad mühitinin yaradılması, iqtisadi əlaqələrin inkişafı və xalqlar arasında uzunmüddətli sabitliyin təmin edilməsidir. Bu siyasət həm də beynəlxalq hüququn prinsiplərinə və regional əməkdaşlıq təşəbbüslərinə uyğun həyata keçirilir.

Qlobal Bakı Forumunun açılış mərasimində Prezident İlham Əliyev dedi: " Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq".

Sülhdən əvvəl Ermənistan belə layihələri  bir hissəsi olmağı xəyal belə edə bilməzdi. Qonşusunun ərazisini ələ keçirən ölkə təcrid olunmuşdu.  Münaqişə səbəbindən son dərəcə məhdud diplomatik, siyasi və iqtisadi imkanları nəzərə alınmaqla, onun qəyyumları və müttəfiqləri də onunla əlaqə qurmaq istəmirdilər. Yalnız düşmən bu gün vəziyyətin nə qədər dəyişdiyini görməyə bilər. Bakı və Yerevanın sülh gündəliyi artıq həm Qərb, həm də Şərq tərəfindən qəbul edilib. Bu iki kiçik ölkə çox faydalı ola biləcək bir nümunə göstərib.

Bu gün Azərbaycan sadəcə tranzit ölkəsi deyil. O, qitələr arasında etibarlı bir əlaqə, ölkələr və biznes üçün təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırıla bilənliyin qarantıdır. Strateji düşüncə, infrastruktur gücü və diplomatik çeviklik Bakını uğurlu dövlət siyasətinin nümunəsinə çevirmişdir.

DİGƏR Xəbərlər Arxiv