YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının fəalları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının könüllüləri, gəncləri və fəalları 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonunda səfərdə olublar.

Öncə Quba rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.

Sonra rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub. Məlumat verilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə, təbliğ edilməsinə yönəlib. Mərkəzlə tanışlıq ziyarətçilərdə xoş təəssürat yaradıb.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıq da ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub, soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Komplekslə tanışlıq zamanı məlumat verilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb və nəticədə məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan qalıqları aşkar edilib. Məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

Daha sonra Yeni Azərbaycan Partiyası Nizami və Quba rayon təşkilatlarının 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş birgə tədbiri keçirilib.

Tədbirdə çıxış edən YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Nizami Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Taleh Əliyev və başqaları bildiriblər ki, 1918-ci il soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani davranışları ilə bəşər tarixində ən ağır və qanlı faciələrdən biridir. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, mənfur bolşevik-daşnak qüvvələri tərəfindən törədilən soyqırımı zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb. Erməni şovinistlərinin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixə malik olduğunu deyən natiqlər vurğulayıblar ki, mənfur qonşularımız ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları həyata keçiriblər, yüz minlərlə insanı amansızlıqla qətlə yetiriblər.

Vurğulanıb ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Erməni məkrinin tarixi faktların dili ilə ifşa edildiyi həmin Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından mühüm sənəd, gələcəkdə xalqımızın bənzər faciələrlə qarşılaşmaması üçün Ulu Öndərin müəyyən etdiyi proqramdır.

Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daşnak-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Çıxış edənlər, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi Qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanları və şəhidlərimizin qisasının alındığını diqqətə çatdırıblar.