YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni millətçiləri tarixən xalqımıza qarşı təxribatlar və soyqırımı aktları təşkil edib

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan xalqı tarix boyu erməni millətçilərinin təxribatları və qanlı cinayətləri ilə üzləşib. Bu faciələrin ən dəhşətli səhifələrindən biri 1918-ci ilin mart-aprel aylarında baş verən soyqırımı hadisələridir. Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlar xalqımızın yaddaşında silinməz iz buraxıb.

1918-ci ilin əvvəllərindən etibarən erməni silahlı birləşmələri Bakı quberniyasında yaşayan azərbaycanlıların doğma torpaqlarından qovulması məqsədi güdən cinayətkar planlarını həyata keçirməyə başlayıblar. Mart-aprel aylarında isə bu qanlı hadisələr daha da geniş vüsət alıb. Evlər yandırılıb, insanlar diri-diri oda atılıb, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar və məscidlər dağıdılıb.

Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və ölkəmizin digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib. Erməni daşnak dəstələri tərəfindən dinc əhali kütləvi şəkildə qətlə yetirilib, kəndlər yandırılıb, milli-mədəni irs nümunələri məhv edilib.

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan doğma torpaqlarından didərgin salınıb. Təkcə Bakıda on minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılıb, yeddi mindən çox insan qətlə yetirilib.

1948–1953-cü illərdə isə sovet hakimiyyəti dövründə ermənilər Qərbi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlıların zorla köçürülməsi siyasətini həyata keçiriblər. Nəticədə yüz minlərlə azərbaycanlı ata-baba torpaqlarından deportasiya edilib.

1988-ci ildən etibarən Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsi və ərazi iddiaları yenidən güclənib. Qarabağ münaqişəsi fonunda azərbaycanlılara qarşı zorakılıqlar artıb və bunun ən dəhşətli nümunələrindən biri 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımı olub. Fevralın 25-dən 26-na keçən gecə 613 nəfər Xocalı sakini erməni silahlı birləşmələri tərəfindən amansızcasına qətlə yetirilib.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün özünün ən qüdrətli dövrünü yaşayır. Dövlətimizin güclənməsi, iqtisadi inkişaf və güclü ordu quruculuğu ölkəmizin regionda mövqeyini daha da möhkəmləndirib.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan tarixi Qələbə qazanaraq uzun illər işğal altında qalan torpaqlarını azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazilərində konstitusiya quruluşu tam bərpa olundu və erməni separatizminə son qoyuldu.

Bu gün Azərbaycanın bütün ərazilərində suverenliyi tam təmin olunub. Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər torpaqlarımızda üçrəngli dövlət bayrağımız qürurla dalğalanır. Tarixi ədalətin bərpası Azərbaycan xalqının birliyinin, gücünün və qətiyyətinin nəticəsidir.