YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan münasibətləri: tarixi köklər və qlobal təşəbbüslər

Anar Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana reallaşdırdığı işgüzar səfər, həmçinin Tbilisidə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirdiyi yüksək səviyyəli görüşlər regionun siyasi mənzərəsini müəyyən edən strateji hadisədir. Bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə mehriban qonşuluq müstəvisini çoxdan aşaraq, dərin etimada və sarsılmaz qardaşlıq bağlarına söykənən strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Müstəqillik illərində iki dövlət arasındakı əlaqələr Ulu Öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin sayəsində yeni mərhələyə qədəm qoyub.  Beləliklə, ötən əsrin 90-cı illərinin ortalarından etibarən Azərbaycan-Gürcüstan əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkələrimiz arasında demək olar ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində ikitərəfli və faydalı əməkdaşlıq əlaqələri mövcuddur.

Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri isə Gürcüstanla əlaqələri tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldib. Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, “Cənub Qaz Dəhlizi”nin inşası həm də Gürcüstanla əlaqələrin strateji səviyyəyə yüksəlməsini təmin edib. Azərbaycanın qlobal təşəbbüsləri həm də Gürcüstanı regionun tranzit dövlətinə çevirib, onun maliyyə imkanlarının yüksəlməsinə, əhalisinin sosial rifahının yaxşılaşmasına xidmət edib. Bu gün Azərbaycan öz enerji resurslarını Avropa bazarlarına məhz Gürcüstan üzərindən çatdırır. Eyni zamanda, Şərqdən Qərbə gedən nəhəng yük daşımalarında – “Orta Dəhliz” layihəsində Gürcüstan bizim üçün mühüm və əvəzedilməz tranzit tərəfdaşdır. Azərbaycan eyni zamanda Gürcütana sərmayə yatıran əsas ölkədir. Lakin bizi birləşdirən təkcə iqtisadi maraqlar və boru kəmərləri deyil, bu münasibətlərin təməlində xalqlarımızın çoxəsrlik tarixi kökləri və qarşılıqlı hörmət dayanır.

Cənab İlham Əliyevin Baş nazir İrakli Kobaxidze ilə mətbuata bəyanatında xüsusi vurğuladığı bir məqam münasibətlərimizin siyasi onurğa sütununu təşkil edir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəkləyib. Bu prinsipial mövqe hər iki dövlətin beynəlxalq hüquqa sadiqliyinin və regional sabitliyin qorunması naminə nümayiş etdirdikləri həmrəyliyin göstəricisidir. Biz beynəlxalq platformalarda da hər zaman vahid cəbhədən çıxış edərək bir-birimizin maraqlarını müdafiə edirik.

Prezidentin bu səfəri və aparılan müzakirələr göstərir ki, Azərbaycan-Gürcüstan əlaqələri dinamik şəkildə, yüksələn xətt üzrə inkişaf edir. Bu tərəfdaşlıq təkcə iki ölkənin rifahına deyil, həm də bütün Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsinə xidmət edir. Hesab edirəm ki, Tbilisidə əldə olunmuş razılaşmalar yaxın gələcəkdə həm enerji, həm də nəqliyyat-logistika sahəsində yeni uğurlu layihələrin təməlini qoyacaq. Dostluğa və strateji tərəfdaşlığa söykənən bu birliyin sarsılmazlığı regionun gələcək təhlükəsizliyinin ən böyük təminatıdır.

DİGƏR Xəbərlər Arxiv