Xəbərlər
Azərbaycan və Gürcüstan: qarşılıqlı etimadın uğurlu modeli
Heydər Əsədov
Milli Məclisin deputatı
Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində mətbuata verilən bəyanat iki dövlət arasında münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir. Bu səfər həm də regionda formalaşan yeni geosiyasi reallıqlar kontekstində xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlər dərin tarixi köklərə əsaslanır. Dövlətimizin başçısının bəyanatında vurğuladığı kimi, əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər hazırda regionun ən sabit və etibarlı tərəfdaşlıq modellərindən biri kimi çıxış edir. Həmin münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlar prinsipinə əsaslanır. İkitərəfli əlaqələrin yüksək səviyyəyə çatması həm siyasi iradənin gücünü, həm də xalqlar arasında mövcud olan səmimi münasibətləri əks etdirir.
Azərbaycan investorlarının Gürcüstan iqtisadiyyatına böyük maraq göstərməsi təsadüfi deyil. Bu günədək qoyulan 3,7 milyard dollarlıq sərmayə iki ölkə arasında iqtisadi əməkdaşlığın real göstəricisidir. Ticarət dövriyyəsinin artması və yaxın perspektivdə 1 milyard dollar həddinə çatma ehtimalı isə bu əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.
İki dövlət beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birinə dəstək verir. Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər hər iki tərəf üçün dəyişməz mövqe olaraq qalır. Bu amillər həm regional sabitliyin qorunmasına, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə mühüm töhfə verir. Qarşılıqlı dəstək çoxtərəfli platformalarda ortaq təşəbbüslərin irəli sürülməsinə və mövqelərin uzlaşdırılmasına geniş imkan yaradır. Eyni zamanda, bu həmrəylik regionda etibarlı tərəfdaşlıq mühitinin formalaşmasına və uzunmüddətli əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Cənubi Qafqazda yaranan yeni reallıqlar qarşılıqlı faydalı münasibətlərin möhkəmləndirilməsi, davamlı sabitliyin təmin olunması və regional əməkdaşlığın genişləndirilməsi ilə xarakterizə olunur. Sülhün davamlılığını təmin etmək üçün iqtisadi əməkdaşlıq, xüsusilə ticarət və investisiya layihələrinin gücləndirilməsi əsas məsələlərdən biridir. Bu baxımdan Gürcüstanın tranzit və nəqliyyat rolunun strateji əhəmiyyəti mühüm rol oynayır. Çünki həmin amillər region ölkələri arasında əlaqələrin inkişafına, Cənubi Qafqazın beynəlxalq ticarət şəbəkəsində mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Enerji sahəsində əməkdaşlıq iki dövlət arasında münasibətlərin əsas komponentlərindən biridir. Azərbaycan uzun illərdir ki, Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu prosesdə Gürcüstan əsas tranzit ölkə kimi çıxış edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr regionun enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və geostrateji əhəmiyyət daşıyır. Eyni zamanda, Orta Dəhliz layihəsi iki dövlətin nəqliyyat-logistika sahəsində əməkdaşlığını yeni mərhələyə yüksəldir. Bu dəhliz Şərq ilə Qərb arasında mühüm bağlantı rolunu oynayaraq regionun tranzit imkanlarını genişləndirir. Dövlətimizin başçısının mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır: “Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir”.
Səfər zamanı vurğulanan əsas məqamlardan biri də ikitərəfli əməkdaşlıq gündəliyinin getdikcə genişlənməsidir. Yeni investisiya layihələri, üçüncü ölkələrdə birgə fəaliyyət perspektivləri və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi gələcək üçün mühüm imkanlar yaradır. Bu münasibətlər modeli regiondakı digər dövlətlər üçün də nümunə kimi qiymətləndirilir. Çünki burada qarşılıqlı maraqların uzlaşdırılması, etimad mühiti və uzunmüddətli strateji baxış əsas rol oynayır.
Prezident İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi mesajlar bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər gələcək inkişaf perspektivlərinə hesablanıb. Bu tərəfdaşlıq regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayır. Mövcud siyasi iradə, iqtisadi əməkdaşlıq və ortaq strateji maraqlar fonunda münasibətlərin daha da möhkəmlənəcəyi və yeni mərhələyə qədəm qoyacağı şübhə doğurmur.
