Xəbərlər
Unikal əməkdaşlıq modeli
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana həyata keçirdiyi səfər iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan-Gürcüstan münasibətləri yalnız coğrafi qonşuluqla deyil, həm də tarixi dostluq, qarşılıqlı etimad və ortaq maraqlar üzərində qurulmuş güclü siyasi platformaya əsaslanır.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, əsrlər boyu Azərbaycan və gürcü xalqları dostluq və qardaşlıq şəraitində yaşamış, bu münasibətlər bu gün də uğurla davam etdirilir. Müasir mərhələdə isə bu əlaqələr artıq dövlətlərarası münasibətlər səviyyəsində strateji xarakter almışdır. Gürcüstanın əldə etdiyi iqtisadi nailiyyətlər və sabit inkişaf modeli Azərbaycanın da maraqlarına uyğun olaraq regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Ticarət dövriyyəsinin 800 milyon ABŞ dollarını keçməsi və artım tempinin davam etməsi, eyni zamanda Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar həcmində sərmayənin qoyulması iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Bu göstəricilər gələcəkdə bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq perspektivini də real edir.
Energetika sahəsində əməkdaşlıq isə Azərbaycan-Gürcüstan münasibətlərinin strateji sütunlarından biri olaraq qalır. Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit ölkə kimi rolu əvəzsizdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, Avropanın enerji təminatında da mühüm əhəmiyyət kəsb edir.
Bununla yanaşı, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, xüsusilə Orta Dəhlizin inkişafı regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. Azərbaycan və Gürcüstan üzərindən keçən bu dəhliz yalnız iki ölkə üçün deyil, bütövlükdə Avrasiya məkanında ticarət və nəqliyyat əlaqələrinin genişlənməsi baxımından strateji rol oynayır.
Prezident İlham Əliyevin bəyanatında regional təhlükəsizlik məsələləri də geniş yer tutmuşdur. Qeyd olunmuşdur ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşır və bu imkanlardan düzgün istifadə olunmalıdır. Azərbaycan və Gürcüstanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləməsi regionda etibarlı əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir.
Xüsusilə vurğulanmalıdır ki, regionda sülh və sabitliyin təmin olunmasında iqtisadi əməkdaşlıq mühüm vasitə kimi çıxış edir. Ticarət əlaqələrinin genişlənməsi və qarşılıqlı iqtisadi asılılığın artması münaqişələrin qarşısının alınmasına və etimad mühitinin gücləndirilməsinə xidmət edir. Bu kontekstdə Gürcüstanın vasitəçi rolunun da xüsusi əhəmiyyəti qeyd olunmuşdur.
Ümumilikdə, Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha təsdiq etdi ki, Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyin, inkişafın və əməkdaşlığın əsas dayaqlarından biridir. Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulan bu münasibətlər yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz üçün nümunəvi model kimi çıxış edir. Bu strateji tərəfdaşlıq gələcəkdə də yeni layihələr və təşəbbüslərlə daha da dərinləşəcək və regionun inkişafına mühüm töhfələr verməyə davam edəcəkdir.
