Xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksinə səfər təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının fəalları Palçıq Vulkanları Turizm Kompleksinə səfər ediblər.
YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Qaradağ rayonu ərazisində yerləşən və beynəlxalq əhəmiyyətə malik bu kompleks Prezident İlham Əliyevin göstərişi ilə 2024-cü ildə inşa edilib. Qobustan qəsəbəsi yaxınlığında yerləşən kompleks ziyarətçilərə Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və faunası barədə geniş məlumat əldə etmək imkanı yaradır.
Bildirilib ki, səfərin əsas məqsədi partiya fəallarının ölkəmizi daha yaxından tanıması, onların asudə vaxtının səmərəli təşkili və qarşılıqlı əlaqələrin, o cümlədən şəbəkələşmənin gücləndirilməsidir.
Daha sonra bələdçi tərəfindən kompleks haqqında ətraflı məlumat təqdim olunub. Qeyd edilib ki, Bakıdan təxminən 60 kilometr məsafədə yerləşən kompleks 12 hektar ərazini əhatə edir. Burada informasiya mərkəzi, minerallar sərgisi və təbiət tarixi bölmələri fəaliyyət göstərir.
Məlumat verilib ki, Azərbaycan palçıq vulkanlarının geniş yayıldığı nadir regionlardan biridir və dünyada mövcud olan 350-dən çox palçıq vulkanının əhəmiyyətli hissəsi ölkəmizin ərazisində yerləşir. Kompleksdə “Qılınc” (Pirəkəşkül) palçıq vulkanını yaxından müşahidə etmək mümkündür. Bu vulkan bir sırada düzülmüş 8 təpədən ibarətdir və aktiv vulkanlar sırasında yer alsa da, güclü püskürmələri ilə bağlı elmi mənbələrdə ciddi məlumatlar qeydə alınmayıb.
Açıq havada yerləşən palçıq vulkanları ziyarətçilər tərəfindən böyük maraqla izlənilib. Rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov gələcəkdə bu cür səfərlərin daha mütəmadi təşkil olunmasının planlaşdırıldığını vurğulayıb.
Kompleksin rəhbəri Elamin Didirov göstərilən marağa görə minnətdarlığını bildirib.
