Xəbərlər
Mingəçevirdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdən öncə ağacəkmə aksiyası təşkil olunub. Aksiya çərçivəsində ətraf mühitin qorunması və şəhərin yaşıllıq sahələrinin artırılması məqsədilə ərazidə 100 ədəd müxtəlif növ ağac əkilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm layihələr həyata keçirilir, şəhərlərin müasir standartlara uyğun inkişafı istiqamətində ardıcıl işlər görülür. Qeyd olunub ki, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri Azərbaycanın davamlı inkişafının göstəricisidir.
Daha sonra çıxış edən Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edərək bildirib ki, həyata keçirilən layihələr şəhərlərin daha müasir və rahat yaşayış məkanlarına çevrilməsinə xidmət edir.
Tədbirdə çıxış edən Mingəçevir Bələdiyyəsinin üzvləri Gültəkin Nəzərova və Mahnur Ömərova şəhərsalma və memarlıq sahəsində görülən işlərin ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə həyata keçirilən layihələr vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.
Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
