Xəbərlər
“Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi”
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı akademik Zərifə Əliyevanın anım günü ilə əlaqədar “Nurlu ömrün elm və insanlığa həsr olunmuş salnaməsi” mövzusunda tədbir keçirib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və pedaqoqlardan biri kimi, xüsusilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı səmərəli fəaliyyəti ilə seçilmişdir. Onun bu təhsil ocağındakı fəaliyyəti həm elmi, həm də praktik səhiyyə sahəsinin inkişafına mühüm töhfələr vermiş, tibbi kadrların hazırlanmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Qeyd olunub ki, Zərifə xanım uzun illər bu nüfuzlu institutda çalışaraq həkim kadrlarının hazırlanmasına, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və müasir tibbi biliklərə yiyələnməsinə xüsusi diqqət yetirmişdir. O, xüsusilə oftalmologiya sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi istiqamətində müasir metodların tətbiqinə önəm vermiş, elmi yeniliklərin praktik səhiyyə sisteminə inteqrasiyasına nail olmuşdur. Görkəmli alimin təşəbbüsü ilə tədris prosesinə innovativ yanaşmalar gətirilmiş, nəzəri biliklərlə yanaşı, praktik bacarıqların inkişafı prioritet istiqamətə çevrilmişdir.
Partiya fəallarından Famil Həmidov və digərləri akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər. Vurğulanıb ki, görkəmli alimin elmi irsi müasir səhiyyə sistemində mühüm əhəmiyyət kəsb edir və gələcək nəsillər üçün dəyərli mənbə rolunu oynayır.
