Xəbərlər
Yasamal rayonunda şahmat turniri keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində şahmat turniri keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində baş tutan yarışda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildiriblər ki, ölkədə müasir idman siyasətinin əsası Ümummilli Lider tərəfindən müəyyən edilmiş strateji kursa əsaslanır və bu siyasət bu gün uğurla davam etdirilir. Qeyd olunub ki, belə yarışların təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda vurğulanıb ki, həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində nüfuzunu daha da möhkəmləndirir.
Şahmat yarışı iştirakçılar arasında yüksək rəqabət şəraitində keçib. Yarışın sonunda qalib komandaların üzvlərinə diplom və medallar təqdim olunub.
