Xəbərlər
Masallıda bir qrup gəncin rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub
“Partiya fəalları” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar bir qrup fəal gəncin Masallı rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
Ekskursiyanın əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi, yeni nəslə aşılanması, həmçinin onun xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması olub.
Tədbir çərçivəsində gənclərə müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat yolu və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib. İştirakçılar mərkəzdə nümayiş olunan eksponatlar, fotoşəkillər və nəşrlərlə yaxından tanış olublar.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib, onun zəngin irsinin öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb.
