YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–Ukrayna əlaqələri: siyasi dialoqun yeni mərhələsi

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 25-də ölkəmizə səfəri dövlətlərarası münasibətlərin mahiyyətini, strateji xarakterini və inkişaf dinamikasını ifadə edir. Bu səfər həm də tərəflər arasında formalaşmış siyasi dialoqun intensivliyi və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelinin göstəricisidir. Prezidentlərin mətbuata bəyanatlarında səsləndirdiyi fikirlər iki ölkənin beynəlxalq münasibətlər sistemində bir-birinə verdiyi siyasi dəstəyin davamlı xarakter daşıdığını nümayiş etdirir.

Son dörd il ərzində iki ölkənin dövlət başçıları arasında yeddi görüşün keçirilməsi Azərbaycan–Ukrayna münasibətlərinin son dərəcə dinamik inkişaf etdiyini təsdiqləyir. Bu intensiv təmaslar tərəflər arasında strateji məsələlərin operativ şəkildə müzakirəsinə və ortaq mövqelərin formalaşmasına şərait yaradır. Eyni zamanda, həmin görüşlər siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, qarşılıqlı etimadın daha da möhkəmlənməsinə töhfə verir.

İkitərəfli münasibətlərin hüquqi və siyasi bazasını strateji tərəfdaşlıq sənədləri təşkil edir. Bu sənədlər əməkdaşlığın əsas istiqamətlərini müəyyən etməklə yanaşı, suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental beynəlxalq hüquq prinsiplərini təsbit edir. Həmin yanaşma tərəflər arasında etibarlı və dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, qəbul olunmuş prinsiplər ikitərəfli münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığımızın çox güclü siyasi təməli vardır: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

2019-cu ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizi ilk səfəri dövlət başçıları arasında şəxsi etimad münasibətlərinin formalaşmasında mühüm rol oynayıb. Bu etimad mühiti siyasi dialoqun daha səmərəli aparılmasına və əməkdaşlıq gündəliyinin genişlənməsinə şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Kiyevə həyata keçirdiyi səfər fikir mübadiləsinin dərinləşməsi və ikitərəfli əlaqələrin yeni keyfiyyət mərhələsinə keçidi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

İqtisadi əlaqələrdə enerji sektoru xüsusi əhəmiyyət kəsb edir. SOCAR-ın Ukraynada uzun illər davam edən fəaliyyəti bu sahədə etibarlı və davamlı əməkdaşlığın formalaşdığını göstərir. Enerji təchizatı, yanacaq təminatı və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi əlaqələrin dayanıqlı əsaslarını gücləndirir. Tərəflər yeni investisiya layihələrinin reallaşdırılması istiqamətində ortaq maraq nümayiş etdirirlər.

Bəyanatda diqqət çəkən istiqamətlərdən biri də sənaye və hərbi-texniki əməkdaşlıqdır. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnoloji mübadilə və innovativ həllərin tətbiqi üçün geniş imkanlar yaradır. Bu əməkdaşlıq yalnız müdafiə qabiliyyətinin gücləndirilməsi ilə məhdudlaşmır, həm də sənaye potensialının modernləşdirilməsi və yüksək texnologiyaların tətbiqi baxımından strateji əhəmiyyət daşıyır. Bu isə uzunmüddətli perspektivdə iqtisadi və texnoloji tərəfdaşlığın dərinləşməsinə xidmət edir.

Son illərdə Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin və Hökumətlərarası Komissiyanın iclaslarının keçirilməsi əlaqələrin genişləndiyini göstərir. Bu mexanizmlər ikitərəfli münasibətlərin sistemli şəkildə idarə olunmasına, yeni layihələrin koordinasiyasına və strateji qərarların icrasına xidmət edir. Eyni zamanda, həmin tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi ilə bağlı aparılan müzakirələr əməkdaşlığın qarşılıqlı və balanslı xarakterini daha da gücləndirir.

Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, siyasi etimad və strateji maraqlar üzərində qurulan möhkəm tərəfdaşlıq modelidir. Müntəzəm görüşlər, iqtisadi və enerji sahəsində artan əməkdaşlıq, eləcə də sənaye və təhlükəsizlik istiqamətində yaranan yeni imkanlar həmin münasibətlərin gələcək inkişaf perspektivlərini daha da genişləndirir. Nəticə etibarilə, bu səfər iki dövlət arasında əlaqələrin daha da dərinləşməsinə və strateji tərəfdaşlığın yeni keyfiyyət mərhələsinə yüksəlməsinə mühüm töhfə kimi qiymətləndirilir.

DİGƏR Xəbərlər Arxiv