YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Elm, mərhəmət və fədakarlıq simvolu - Zərifə Əliyeva”

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və 41 saylı Şəhər Poliklinikası ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Qaradağ rayonunun Qızıldaş Mədəniyyət Evində akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə “Elm, mərhəmət və fədakarlıq simvolu - Zərifə Əliyeva” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov, oftalmoloq-həkim Hicran Həşimova, 41 saylı Şəhər Poliklinikasının baş həkimi Səlvinaz Tarverdiyeva, YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış ediblər.

Bildirilib ki, Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiramla anılır. Zərifə Əliyevanın həyat yolu yalnız elmi nailiyyətlərlə deyil, həm də yüksək mənəvi keyfiyyətlərlə zəngindir və bu xüsusiyyətlər onu Azərbaycan qadını üçün örnək şəxsiyyətə çevirir.

Qeyd olunub ki, 1949-cu ildən etibarən Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyət göstərən alim oftalmologiya sahəsində mühüm elmi nəticələr əldə edib. Onun traxomanın müalicəsi ilə bağlı araşdırmaları ölkədə bu xəstəliyin aradan qaldırılmasında mühüm rol oynayıb.

Vurğulanıb, Zərifə Əliyeva həm alim, həm ana, həm də cəmiyyət üçün nümunəvi şəxsiyyət kimi yaddaşlarda yaşayır. Zərifə Əliyevanın yetişdirdiyi övlad - Prezident İlham Əliyev kimi görkəmli dövlət xadimi onun Azərbaycan qarşısında ən böyük xidmətlərindən biridir.

Sonra səhiyyə sahəsində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən tibb işçiləri Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv