YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Nəsillərə nümunə olan ömür yolu”

Şəmkirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Nəsillərə nümunə olan ömür yolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbər heyəti və kollektivi, ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın zəngin irsini tərənnüm edən sərgi ilə tanış olublar.

Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, Zərifə xanım elmi fəaliyyəti ilə nəinki oftalmologiya sahəsində inqilabi yeniliklərə imza atmış, həm də nümunəvi Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazını ucaldan şəxsiyyət olmuşdur. Onun şərəfli və mənalı həyatı ailə dəyərləri, elmi nailiyyətlər və xalqa göstərdiyi xidmətlərlə dolu bir ömrün parlaq səhifəsidir. Görkəmli alimin tibbi-elmi fəaliyyəti və mənəvi keyfiyyətləri bu gün də ehtiramla xatırlanır.

Zərifə Əliyevanın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini bildirən YAP-ın rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan oftalmologiya elmini dünyada tanıdan bu müdrik şəxsiyyətin zəngin irsi, pedaqoji fəaliyyəti hələ də öyrənilir və çoxsaylı tədqiqat əsərinin mövzusuna olub.

Şəmkir RİH-in başçısı Rəşad Tağıyev və digər natiqlər də çıxışlarında Zərifə xanım Əliyevanın bütövlükdə tibb elminin inkişafına verdiyi töhfələrin bundan sonrakı dövrdə də əhəmiyyətli nəticələr verəcəyini bildiriblər.

Tədbirdə Zərifə xanım Əliyevanın ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib, Əhməd Cavad adına Şəmkir Rayon Mədəniyyət Mərkəzinin bədii kollektivi tərəfindən ədəbi-bədii kompozisiya və milli musiqilər təqdim edilib.

Sonda tibb işçilərinə YAP Şəmkir rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.