YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çexiya münasibətlərinin siyasi-iqtisadi perspektivləri

“Çexiya Respublikasının Baş nazirinin Azərbaycana səfəri dəyişən geosiyasi reallıqlar fonunda Bakı ilə Avropa dövlətləri arasında əməkdaşlığın dərinləşdiyini göstərən mühüm siyasi-iqtisadi hadisə kimi qiymətləndirilir. Enerji bazarlarının transformasiyası, nəqliyyat dəhlizlərinin artan rolu və Avropada strateji tərəfdaşlıqlara yenidən baxılması şəraitində bu səfər ikitərəfli münasibətlər çərçivəsini aşaraq daha geniş regional məna kəsb edir. Səfər ilk növbədə, iki ölkə arasında fəal və davamlı siyasi dialoqun mövcudluğunu bir daha təsdiqlədi. Keçirilən görüşlər zamanı həm ikitərəfli gündəlik, həm də regional və qlobal proseslər ətrafında ətraflı fikir mübadiləsi aparıldığı vurğulandı. Baş nazir səviyyəsində həyata keçirilən səfər və onu müşayiət edən geniş biznes nümayəndə heyəti münasibətlərin daha praktik və praqmatik mərhələyə qədəm qoyduğunu göstərir. Bu mərhələdə əsas diqqət konkret iqtisadi layihələrə və qarşılıqlı maraqlara yönəlir”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, iqtisadi əməkdaşlıq səfərin əsas istiqamətlərindən biri kimi çıxış edir. Hazırda Azərbaycan ilə Çexiya arasında ticarət dövriyyəsi 800 milyon dollardan artıqdır, lakin onun strukturu əsasən Azərbaycan neftinin ixracı ilə səciyyələnir. Bu baxımdan aparılan danışıqlar və biznes forum çərçivəsində qurulan təmaslar əməkdaşlığın şaxələndirilməsi, investisiya imkanlarının genişləndirilməsi və sənaye kooperasiyasının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirdiyi siyasətlə üst-üstə düşür. Energetika sahəsi isə əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir ki, Avropa üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edir və bu, beynəlxalq səviyyədə də təsdiqlənir. Enerji təhlükəsizliyinin aktuallaşdığı bir dövrdə Azərbaycanın rolu daha da artır. Çexiya kimi Avropa ölkələri üçün Bakı ilə əməkdaşlıq yalnız enerji resurslarının idxalı ilə məhdudlaşmır, həm də uzunmüddətli və genişmiqyaslı tərəfdaşlıq perspektivlərini əhatə edir.

Sevinc Fətəliyevanın fikrincə, səfər çərçivəsində diqqət çəkən digər mühüm istiqamət müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Azərbaycan artıq Çexiyadan hərbi təyinatlı məhsullar idxal edir və hazırda birgə istehsal layihələri üzrə danışıqlar aparılır. Bu, əməkdaşlığın yeni mərhələyə keçdiyini, texnologiya mübadiləsi və yerli istehsalın inkişafı baxımından əlavə imkanlar yaratdığını göstərir. Eyni zamanda, bu istiqamət Azərbaycanın müdafiə potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Daha geniş kontekstdə səfər Azərbaycanın Avropa ölkələri ilə çoxvektorlu əməkdaşlıq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Ayrı-ayrı Avropa institutları ilə münasibətlərdə mürəkkəb proseslərin yaşandığı bir dövrdə Bakı ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir və bu istiqamətdə qarşılıqlı fayda və praqmatizm əsas prinsip kimi çıxış edir. Çexiya isə sənaye potensialı və iqtisadi transformasiya təcrübəsi ilə bu əməkdaşlıqda mühüm tərəfdaş kimi çıxış edir.

Eyni zamanda, səfər Azərbaycanın regionda sabitlik və iqtisadi inkişaf mərkəzi kimi artan rolunu da əks etdirir. Ölkə yalnız enerji resurslarının ixracatçısı deyil, həm də Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağıdır. Bu baxımdan Çexiya ilə əməkdaşlıq nəqliyyat və infrastruktur layihələri, o cümlədən Orta Dəhliz çərçivəsində yeni imkanlar yarada bilər.

“Səfərin siyasi mesajı da xüsusi diqqətə layiqdir. Qlobal rəqabətin gücləndiyi bir şəraitdə Azərbaycan ilə Mərkəzi Avropa ölkələri arasında əlaqələrin möhkəmlənməsi Bakının beynəlxalq münasibətlər sistemində müstəqil və təsirli aktor kimi qəbul edildiyini göstərir. Bu, eyni zamanda Avropa dövlətlərinin Azərbaycana marağının davamlı və strateji xarakter daşıdığını təsdiqləyir.

Beləliklə, Çexiya Baş nazirinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafında yeni mərhələni ifadə edir. Səfər siyasi etimadın yüksək səviyyəsini təsdiqləyib, iqtisadi əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirib və Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini bir daha önə çıxarıb. Perspektivdə bu səfərin nəticələri qarşılıqlı maraqlara əsaslanan, balanslı və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir”, - deyə deputat vurğulayıb.