Xəbərlər
Azərbaycan–Çexiya əlaqələri: siyasi dialoqdan yeni inkişaf mərhələsinə
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası ilə sosializm sisteminin süqutu nəticəsində müstəqillik qazanmış Çex Respublikası arasında münasibətlər sürətlə inkişaf etmişdir. Qarşılıqlı etimad və ortaq maraqlara əsaslanan bu əlaqələr zamanla siyasi, iqtisadi və humanitar sahələri əhatə edən çoxşaxəli əməkdaşlığa çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan ilə Çexiya arasında fəal və səmərəli siyasi dialoq mövcuddur ki, bu da əlaqələrin davamlı inkişafının əsasını təşkil edir.
Prezident İlham Əliyev bu səfərin iki ölkə arasında yüksək səviyyəli təmasların başlanğıcı kimi xüsusi əhəmiyyət daşıdığını bildirmiş, münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırmışdır. Onun sözlərinə görə, səfər Azərbaycan–Çexiya əməkdaşlığının dinamik xarakter daşıdığını bir daha təsdiqləyir.
Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəlikdə duran məsələlər geniş müzakirə olunmuş, iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə dair konkret təkliflər irəli sürülmüşdür. Xüsusilə, Çexiyadan Azərbaycana səfər edən geniş tərkibli iş adamları nümayəndə heyəti iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Son illərdə Azərbaycanda keçirilən beynəlxalq forumlar və qlobal platformalar ölkənin artan nüfuzunun göstəricisidir. Bu kontekstdə Azərbaycan–Çexiya biznes forumunun təşkili də iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılmasının və onun strukturunun daha da şaxələndirilməsinin vacibliyini vurğulamışdır.
Energetika sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan uzun illərdir ki, Çexiyanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir. Azərbaycan neftinin bu ölkəyə ixracı Çexiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın Avropa bazarına qaz ixracı da genişlənməkdədir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq da inkişaf edən istiqamətlər sırasındadır. Çexiyadan hərbi təyinatlı məhsulların idxalı ilə yanaşı, gələcəkdə birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivləri də müzakirə olunur.
Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edərək, bu platformanın əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirmişdir. Ümumilikdə, Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsi və strateji əməkdaşlığın genişlənməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilə bilər.
