YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman siyasəti: sağlam həyat tərzinin təşviqi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz idmanın inkişafıdır. Azərbaycan idmanı həqiqətən də son illərdə böyük inkişaf yolu keçir. Xüsusilə qeyd etmək lazımdır ki, yunan-Roma, həmçinin sərbəst güləş üzrə milli komandalarımız beynəlxalq arenada tarixi nailiyyətlər əldə etməkdədir. Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı Azərbaycan güləşi üçün yüksək nəticələrlə idman tarixinə yazılıb. Belə ki, Azərbaycan həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olub. Təbii ki, Azərbaycanda ümumilikdə idman infrastrukturunun hərtərəfli inkişafı və regionlarda fəaliyyət göstərən yeni və müasir standartlara cavab verən Olimpiya İdman Kompleksləri bu uğurların kütləvi xarakter almasını təmin edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib. Dövlətimizin başçısı görüş zamanı idmançılara səmimi təbriklərini çatdırıb,məzmunlu çıxışında dövlətin idman sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.

Bəli, Azərbaycan xalqı öz qalib idmançıları ilə qürur hissi keçirir. 2025-ci ilin sonunda Yevlax və Gəncədə müasir Olimpiya İdman Komplekslərinin inşası başa çatdırılıb. Bununla da ölkədəki OİK-lərin sayı 46-ya çatıb. Prezident İlham Əliyev hər ilin sonunda olduğu kimi, 2025-ci ilin idman yekunlarına dair mərasimdə də fərqlənən idmançılara, məşqçilərə və mütəxəssislərə fəxri adlar verib, onları təltif etmişdir. Dünyanın İdman Paytaxtı” məhz Bakı şəhərinin seçilməsi Azərbaycanda bu sahədə görülən işlərin beynəlxalq miqyasda tanınması deməkdir. 

Bizim idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir. 2026-cı ilin sentyabrında “Formula 1” Azərbaycan Qran-Prisi, oktyabrında isə “Dünya Cüdo Çempionatı” Bakıda keçiriləcək. Əlbəttə ki, göründüyü kimi, dövlətimizin gənclər və idman siyasəti sadəcə bu gün üçün deyil, ümumiyyətlə gələcək üçün uzunmüddətli inkişaf hədəflərinə əsaslanmışdır.