YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman strategiyası: milli maraqlar fonunda yeni prioritetlər

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

İdmanın inkişafı dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. Hər ilin idman yekunları əldə edilən uğurlarla yanaşı, onlara stimul verən diqqət və qayğının, görülən işlərin təqdimatı kimi dəyərləndirilir. 2025-ci ilin yekunları bu ilin aydın mənzərəsini təqdim etmişdir. Belə ki, dövlət başçısı İlham Əliyev ötən ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirmişdir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var.

2025-ci ildə iki Olimpiya İdman Kompleksinin Gəncədə və Yevlaxda tikintisi başa çatmışdır. Beləliklə, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb. Bütün bunlar, eyni zamanda, düzgün aparılan siyasət idmanın inkişafını şərtləndirir və gəncləri idmanla məşğul olmağa daha da həvəsləndirir. Bu da çox önəmlidir. Çünki sağlam gənc nəsil yetişməsə, idman uğurlarını əldə etmək mümkün olmayacaq. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır ki, Azərbaycan əhalisi, Azərbaycan vətəndaşları fiziki cəhətdən sağlam olsunlar. Eyni zamanda, uşaqlıqdan idmana göstərilən maraq gələcəkdə idman uğurlarına yol açır.

Dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və ölkəmizin inkişafı daimi, əbədi olsun. Cənab İlham Əliyev daim bu çağırışı edir ki, gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Bu günlərdə Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçiləri ilə görüşündə bütün bu məqamlara xüsusi diqqət yönəltdi. Vurğuladı ki, hər dəfə beynəlxalq yarışlarda Bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir. Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edən cənab İlham Əliyev onu da əlavə etdi ki, bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq.

Son 5 ildən artıq dövrdə Bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Tarixi Zəfərimiz idmançıların məsuliyyətini daha da artırıb. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur” çağırışı özündə bu günümüz və gələcəyimizlə bağlı mühüm çağırışları ehtiva edir. Azərbaycan Bayrağının yüksəklərə qaldırılması, Dövlət Himnimizin səsləndirilməsi təqdimatımızdır. Bu gün nəinki paytaxt Bakının, eləcə də regionlarımızın, azad edilmiş ərazilərimizin bütün sahələrdə keçirilən tədbirlərə ev sahibliyi Azərbaycanın potensial imkanlarını özündə təcəssüm etdirir.