YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs”

Mayın 8-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın memarı: tarixi missiya və əbədi irs” mövzusunda tədbir keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər, Yasamal və Nərimanov rayon təşkilatlarının, həmçinin Naxçıvan şəhər və Yasamal rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhər və rayon təşkilatlarının, icra hakimiyyətlərinin əməkdaşları, Naxçıvan şəhər idarə, müəssisələrin rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram  ifadə olunub. Sonra Heydər Əliyev Muzeyinə baxış keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında təşkil edilən tədbirdə Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, Vətən müharibəsi qazisi Samir İsmiyev və YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqlara əsaslanan siyasi kursunun ölkənin inkişafında oynadığı mühüm roldan ətraflı bəhs ediblər. Qeyd edilib ki, Ulu Öndərin rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının təşviqi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Natiqlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb, ölkənin siyasi və iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artıb. Vurğulanıb ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirir.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təqdim olunub.

Qeyd edək ki, tədbir iştirakçıları YAP Naxçıvan şəhər təşkilatında da olub, Naxçıvan şəhərində Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət ediblər.