YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir çağırışlara cavab verən peşəkar ordu

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

26 iyun Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur və milli ordumuzun yaranmasının ildönümünü ifadə edir. Hər il bu gün Azərbaycan əsgərinin şərəfinə, ordumuzun gücünə və Vətən qarşısındakı xidmətlərinə ehtiram əlaməti olaraq qeyd edilir.

Azərbaycan Silahlı Qüvvələri dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün əsas təminatçılarından biridir. Milli ordunun təməli 1918-ci il iyunun 26-da qoyulmuş, sonrakı dövrlərdə isə Azərbaycan Ordusu böyük inkişaf yolu keçmişdir.

1969-cu ildə Ulu öndər Heydər Əliyev birinci hakimiyyəti dövründə bu sahənin inkişaf etdirilməsi üçün mühüm addımlar atmış, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etmişdir. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də SSRİ-nin digər hərbi məktəblərində təhsil alması üçün şərait yaratmışdır. C.Naxçıvanski adına Hərbi Məktəbdə yetişən zabit kadrlarımız istər Birinci, istərsə də İkinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıq göstərmişlər. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlmiş Ulu öndər bütün sahələr kimi, ordu quruculuğuna da diqqət və qayğısını artırmışdır. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır.

Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələri son illərdə regionun ən güclü hərbi qüvvələrindən biri kimi formalaşmışdır. Ordunun inkişafında müasir texnologiyaların tətbiqi, beynəlxalq hərbi əməkdaşlıq və hərbçilərin peşəkarlığının artırılması xüsusi rol oynayır. Müxtəlif ölkələrlə keçirilən birgə təlimlər şəxsi heyətin təcrübəsinin zənginləşməsinə və yeni hərbi bacarıqların əldə edilməsinə şərait yaradır.

Ordunun gücü yalnız texnika ilə ölçülmür. Vətənə sədaqət, yüksək mənəvi ruh və peşəkar hazırlıq hərbi uğurların əsas şərtlərindəndir. Azərbaycan əsgəri və zabitləri xidmət zamanı nizam-intizam, məsuliyyət və vətənpərvərlik nümunəsi göstərirlər. Bu keyfiyyətlər ordunun döyüş hazırlığının vacib tərkib hissəsidir.

30 il ərzində aparılan nəticəsiz danışıqlar müddətində ən böyük diqqət ordu quruculuğu prosesinə, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsinə, peşəkar kadr potensialının formalaşdırılmasına, müasir hərbi texnikaların alınmasına, struktur islahatlarına yönəldildi. Vətəninə, dövlətinə bağlılığı ilə seçilən çox güclü Silahlı Qüvvələr formalaşdırıldı. Bu prosesin məntiqi sonluğunu bütün dünya 44 günlük Vətən müharibəsində gördü. 30 il ərzində qurulan müdafiə xətləri çox qısa zamanda aşılaraq düşmənə sarsıdıcı zərbələr endirildi. Hərbi baxımdan ən çətin sayılan dağlıq ərazilərdə peşəkar hərbi əməliyyatlar təşkil olundu. Yüzlərlə yaşayış məntəqəmiz bir-birinin ardınca işğaldan azad edilərək Azərbaycanın, Qarabağın incisi sayılan Şuşaya yol açıldı. Qəhrəman hərbçilərimizin həyata keçirdiyi Şuşanın azad edilməsi əməliyyatı isə dünyanın müxtəlif hərb məktəblərinin dərsliklərinə salınıb, tədris edilir. Vətən müharibəsinin ilk saatlarından son anına qədər Silahlı Qüvvələrimizin heç bir mənsubu döyüş mövqelərindən bir addım da geri çəkilmədilər. İkinci Qarabağ müharibəsi zamanı şanlı Ordumuzun dillərə dastan olan Zəfər salnaməsi xalqımızın Silahlı Qüvvələrinə, Ali Baş Komandana inam və sevgisini daha da artırdı.

Azərbaycan sərhədləri etibarlı əllərdədir, dövlətimizə qarşı yarana biləcək istənilən təhdidə layiqli cavab verməyə qadir güclü ordumuz var. Ən əsası isə, cəmiyyətimizdə hökm sürən xalq-lider-ordu birliyi sarsılmazdır. Bu gün Azərbaycan Ordusu ölkənin müdafiə potensialının əsas sütunlarından biri olmaqla yanaşı, regionda sabitliyin və təhlükəsizliyin qorunmasında da mühüm rol oynayır. Davamlı inkişaf və modernləşmə siyasəti ordunun gələcəkdə də öz gücünü və peşəkarlığını artıracağına zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv