YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müzəffər Azərbaycanın Silahlı Qüvvələri”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsinin birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Müzəffər Azərbaycanın Silahlı Qüvvələri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Silahlı Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu xalqımızın dövlətçilik tarixinin mühüm tərkib hissəsidir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə müasir ordu quruculuğunun əsası qoyulub, milli zabit kadrlarının hazırlanması və nizami ordunun formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənərək tarixi missiyasını yerinə yetirib, torpaqlarımız işğaldan azad olunub və ölkəmizin ərazi bütövlüyü tam bərpa edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında bildirib ki, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qəhrəmanlıq ənənələrini, hərbi qüdrətini və dövlətçilik irsini özündə əks etdirən əlamətdar tarixdir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən ardıcıl tədbirlər nəticəsində peşəkar və güclü ordu formalaşdırılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə Silahlı Qüvvələrimiz keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və sonrakı dövrdə ölkəmizin suverenliyinin tam bərpası bunun ən parlaq göstəricisidir.

Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin Təlim və Tədris Mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin Yasamal rayon filialının sədri, ehtiyatda olan kapitan Şamxal Ağayev və Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant Qəzənfər Ağayev çıxışlarında Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, hərbi quruculuq sahəsində əldə olunan uğurlardan və ordumuzun regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilməsindən bəhs ediblər. Natiqlər şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar.

Sonra bir qrup şəxsə fəxri fərman və hədiyyələr təqdim  olunub.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv