YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli dövlət, güclü ordu

Natiq Allahverdiyev

YAP Qax rayon təşkilatının sədri

26 İyun Azərbaycan Respublikasının tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. Bu tarix təkcə Silahlı Qüvvələrimizin yaranma günü deyil, həm də xalqımızın müstəqillik iradəsinin, dövlətçilik ənənələrinin və milli qürurunun təcəssümüdür. Azərbaycan Ordusu dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və təhlükəsizliyimizin etibarlı təminatçısı kimi xalqımızın böyük hörmət və etimadını qazanmışdır.

Azərbaycan Silahlı Qüvvələrinin tarixi 1918-ci il iyunun 26-na təsadüf edir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı və bununla da milli ordu quruculuğunun əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, onun yaratdığı ordu ənənələri xalqımızın yaddaşında yaşayaraq gələcək nəsillərə ötürüldü.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra güclü və peşəkar ordu quruculuğu məsələsi Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri oldu. Lakin həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik və Ermənistanın hərbi təcavüzü bu prosesə ciddi maneələr yaradırdı. Məhz belə bir çətin zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, ordu quruculuğunu da prioritet istiqamətə çevirdi.

Ulu Öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimiz vahid komandanlıq altında birləşdirildi, nizami ordu formalaşdırıldı, hərbi hissələrin maddi-texniki bazası gücləndirildi və peşəkar zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirildi. Hələ sovet dövründə onun təşəbbüsü ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynadı. Sonrakı illərdə məhz həmin məktəbin məzunları Azərbaycan Ordusunun inkişafına və döyüş qabiliyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfələr verdilər.

1998-ci il mayın 22-də Heydər Əliyevin imzaladığı Fərmanla 26 İyun Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü elan edildi. Bu qərar xalqımızın hərbçilərə olan ehtiramının və ordu quruculuğuna verilən yüksək qiymətin ifadəsi idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu inkişafının yeni mərhələsinə qədəm qoydu. Ordumuz ən müasir silah və texnika ilə təchiz edildi, müdafiə sənayesi yaradıldı, beynəlxalq təcrübə öyrənildi və hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atıldı. Dövlət başçısının həyata keçirdiyi “Güclü dövlət – güclü ordu” siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli hərbi gücünə çevrildi.

Ordumuzun gücü və peşəkarlığı 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında özünü aydın şəkildə göstərdi. Bu uğurlar 2020-ci ildə baş verən Vətən müharibəsində əldə olunan möhtəşəm Qarabağ Zəfərinin təməlini təşkil etdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və xalqımıza tarixi Qələbə bəxş etdi.

Şuşanın azad olunması isə Vətən müharibəsinin zirvə nöqtəsi oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı, zabitlərimizin peşəkarlığı və xalqımızın birliyi nəticəsində tariximizə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri qazanıldı. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli qürurun, ədalətin və tarixi həqiqətin bərpası idi.

2023-cü ilin sentyabr ayında Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin edildi və ölkəmizin ərazi bütövlüyü tam bərpa olundu. Bu hadisə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının və gücünün növbəti təsdiqi oldu.

Bu gün Azərbaycan Ordusu davamlı şəkildə modernləşdirilir, yeni hərbi texnologiyalar əldə edilir, komando birlikləri yaradılır və türk ordu modelinin tətbiqi istiqamətində mühüm işlər görülür. Yerli və beynəlxalq təlimlər ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasına xidmət edir. Bütün bunlar Silahlı Qüvvələrimizin qarşıda duran vəzifələri uğurla yerinə yetirməyə tam hazır olduğunu göstərir.

Bu gün 26 İyun yalnız hərbçilərin peşə bayramı deyil, bütöv Azərbaycan xalqının qürur günüdür. Azərbaycan Ordusu xalqın nəfəsi, dövlətin gücü və müstəqilliyimizin əsas dayağıdır. Qəhrəman əsgər və zabitlərimiz bundan sonra da dövlətimizin təhlükəsizliyini qoruyacaq, üçrəngli bayrağımızın dalğalandığı hər qarış torpaqda Vətənə şərəflə xidmət edəcəklər.

DİGƏR Xəbərlər Arxiv