YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Ulu Öndərin adını daşıyan Mərkəzdə təşkil edilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycan xalqı bu gün Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anır. O qeyd edib ki, Heydər Əliyev təkcə dövlət rəhbəri deyil, müasir müstəqil Azərbaycanın memarı, xalqımızın xilaskarı və dövlətçilik ideologiyasının banisidir. N.Bayramov vurğulayıb ki, Ulu Öndər Gəncəyə etdiyi hər səfərdə şəhərin inkişafına xüsusi diqqət göstərib, sakinlərlə səmimi görüşlər keçirərək onların qayğı və problemləri ilə yaxından maraqlanıb. 

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, xalqına sonsuz sevgisi və Azərbaycanın inkişafı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edib. O qeyd edib ki, dahi rəhbərin zəngin siyasi irsi bu gün də Azərbaycanın inkişaf yolunun əsas istiqamətlərini müəyyənləşdirir.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxışında bildirib ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi və parlaq siyasi fəaliyyəti Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. O vurğulayıb ki, müstəqil və qalib Azərbaycan vətəndaşları Ümummilli Liderin xidmətlərini daim yüksək qiymətləndirir və onun əziz xatirəsini dərin hörmətlə yad edirlər.

Fəal gənc Xalidə Nəbiyeva isə çıxışında Azərbaycan gəncliyinin Ümummilli Liderin ideyalarına sadiq olduğunu, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini və dövlətçilik ənənələrinin qorunub inkişaf etdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Tədbir çərçivəsində YAP Gəncə şəhər təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup partiya üzvünə təşəkkürnamə təqdim olunub, partiyaya yeni qəbul olunan şəxslərə isə üzvlük vəsiqələri verilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.