YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şəhərsalmada seysmik təhlükə və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalmada seysmik təhlükə və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, “Bakı Metropoliteni” QSC sədrinin müavini Hidayət Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Göydəniz Qəhrəmanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, “AzerGold” QSC-dən Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit şöbəsinin müdiri Eldəniz Bayramlı, həmçinin YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad olunub.

Daha sonra “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil edilmiş sərgiyə baxış keçirilib.

YAP Yasamal rayon təşkilatında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycanın tarixi, mədəniyyəti və şəhərsalma ənənələrinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkədə şəhərsalma və memarlıq sahəsinə verilən xüsusi diqqətin bariz nümunəsidir.

Azərbaycanın 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olduğu diqqətə çatdırılıb.

Ulu Öndər Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi mühüm layihələrdən bəhs edən natiqlər qeyd ediblər ki, Şirvanşahlar Sarayı Kompleksində aparılan bərpa işləri, Möminə Xatun türbəsinin yenidən qurulması, Atəşgah Məbədinin muzey-qoruq kimi təşkili, Şəki Xan Sarayında bərpa işləri, İçərişəhərin dövlət qoruğu elan olunması, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılması və digər layihələr milli memarlıq irsinin qorunmasında mühüm rol oynayıb. İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq və bərpa işləri müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindəndir.

Bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri müasir şəhərsalma siyasətinin əsas istiqamətlərindən biridir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə tarixi-mədəni irsin qorunması və bərpası istiqamətində mühüm layihələrin həyata keçirildiyi vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, müasir şəhərsalma siyasətində insanların təhlükəsiz yaşayış mühitinin təmin olunması əsas prioritetlərdən biridir. Seysmik risklərin düzgün qiymətləndirilməsi gələcəkdə mümkün təbii fəlakətlərin təsirinin minimuma endirilməsində mühüm rol oynayır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv