Xəbərlər
Partiya veteranları və fəalları Qarabağa səfər ediblər
Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının təşəbbüsü ilə Qarabağa səfər təşkil olunub.
Səfərdə partiya fəalları, veteranlar, qazilər, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun valideynləri iştirak ediblər.
İştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri ilə yaxından tanış olub, əldə olunan möhtəşəm Zəfərin nəticələrini böyük qürur hissi ilə müşahidə ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Ağdam Cümə Məscidini ziyarət edib. XIX əsrə aid olan tarixi-dini abidənin işğal dövründə ciddi dağıntılara məruz qalmasına baxmayaraq, hazırda burada bərpa işləri davam etdirilir. Daha sonra iştirakçılar Ağdam Şəhidlər Xiyabanında şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Səfər zamanı Qarabağın mühüm tarixi memarlıq nümunələrindən olan Əsgəran qalası da ziyarət olunub. XVIII əsrdə inşa edilən qala bölgənin əsas müdafiə istehkamlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Nümayəndə heyəti daha sonra Şuşa şəhərində yerləşən və Azərbaycanın zəngin dini-mədəni irsinin mühüm nümunələrindən hesab olunan Yuxarı Gövhər Ağa Məscidində olub.
İştirakçılar həmçinin Şuşa qalasını, Cıdır düzünü, İsa bulağını və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edərək Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Səfər çərçivəsində nümayəndə heyəti işğal dövründə erməni vandalizminə məruz qalmış “güllələnmiş abidələr”ə də baş çəkərək tarixi-mədəni irsimizə qarşı törədilmiş dağıntıları yerində müşahidə edib.
Səfər iştirakçıları Xankəndi şəhərində də olub, burada həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə tanış olublar.
Qarabağda müşahidə olunan hər bir yenilik Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və ölkədə həyata keçirilən uğurlu siyasətin nəticələrini bir daha nümayiş etdirir. Vaxtilə dağıdılmış və viran qoyulmuş torpaqlarda bu gün yeni yolların, yaşayış məntəqələrinin və sosial obyektlərin inşa olunması hər bir azərbaycanlıda böyük qürur hissi yaradır.
Azad edilmiş ərazilərdə həyatın yenidən canlanması dövlət-xalq birliyinin, güclü siyasi iradənin və milli həmrəyliyin parlaq təcəssümüdür.
