YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev məktəbi” layihəsi uğurla davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə həyata keçirilən “Heydər Əliyev məktəbi” layihəsi uğurla davam edir.

Layihənin üçüncü günündə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov isə “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi” mövzularında çıxış ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxışında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü tərəqqisinin əsasını təşkil etdiyini bildirib. O qeyd edib ki, Ümummilli Liderin fəaliyyəti yalnız siyasi və dövlətçilik sahəsində deyil, eyni zamanda iqtisadi inkişaf modelinin formalaşdırılması baxımından da mühüm tarixi mərhələ olub.

M.Quliyev vurğulayıb ki, ölkədə sahibkarlığın inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, özəl sektorun genişlənməsi və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin nəticəsidir.

“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı tarixi rola nəzər saldıqda aydın görünür ki, bu siyasət yalnız müəyyən dövrü əhatə edən iqtisadi proqram deyil, müasir Azərbaycanın uzunmüddətli inkişaf konsepsiyası idi. Dahi şəxsiyyətin ideyaları və müəyyən etdiyi iqtisadi inkişaf kursu bu gün də Azərbaycanın tərəqqi yolunu müəyyənləşdirən əsas strateji xətt olaraq qalır”, - deyə Musa Quliyev bildirib.

AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, dosent Əlimuxtar Muxtarov isə çıxışında Ulu Öndər Heydər Əliyevin qədim Gəncə şəhərinin inkişafı, tarixi-mədəni irsinin qorunması və təbliği istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasında Gəncə şəhərinə xüsusi önəm verib, dahi Azərbaycan şairi Nizami Gəncəvinin irsinin öyrənilməsi və təbliğini isə xalqın mənəvi yüksəlişi baxımından mühüm ideoloji məsələ kimi qiymətləndirib.

Ə.Muxtarov qeyd edib ki, bu gün Ulu Öndərin ideyalarına uyğun olaraq Gəncə şəhərində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir, şəhər dinamik inkişaf mərhələsini yaşayır. Vurğulanıb ki, qədirbilən gəncəlilər Heydər Əliyevin xatirəsini daim böyük ehtiram və məhəbbətlə yad edirlər.