Xəbərlər
Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı
Mayın 17-dən 22-dək Bakı şəhəri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Hökumətinin təşkilatçılığı ilə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma kimi dəyərləndirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etdi. Forum artıq öz işini başa çatdırsa da təbii ki, bundan sonrakı mərhələdə onun hansı nəticələrlə tarixə yazıldığı, bu mötəbər beynəlxalq tədbirin qlobal səviyyədə hansı imkanları açdığı, həmçinin ölkəmizin dünya miqyasında dayanıqlı və təhlükəsiz şəhər modelinin müəyyənləşdirilməsinə töhfələri ətraflı şəkildə təhlil ediləcək. Necə ki, Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransının uğurlu nəticələri, növbəti COP-lara təqdim etdiyi təcrübələr bu gün də təhlil edilməkdədir.
Öncə bu mühüm məqamı qeyd edək ki, WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunu, qlobal proseslərdə fəal iştirakını, xüsusilə şəhərsalma ilə dayanıqlı inkişaf sahələrində həyata keçirilən siyasətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini təsdiqlədi. Forumun regionda ilk dəfə olaraq ölkəmizdə təşkil edilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq və müasir şəhərsalma gündəliyində artan rolunun nümayişi oldu. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal urbanizasiya problemlərinin müzakirəsi və həlli yollarının tapılması baxımından tarixi hadisə kimi yadda qaldı. İlk diqqətçəkən məqam 176 ölkədən 57000-dən çox nümayəndənin qatıldığı Forumda iştirakçı sayının rekord həddə olması idi. Bu, Ümumdünya Şəhərsalma Forumunun indiyədək keçirilmiş ən genişmiqyaslı sessiyası oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, iştirakçıların sayının rekord həddə çatması ilk olaraq ölkələrin şəhərsalma məsələsinə xüsusi diqqət göstərdiyini təsdiqləyir. Bakı bir daha qlobal həmrəyliyi, beynəlxalq tərəfdaşlığı və çoxtərəfliliyi təşviq edən vacib platforma rolunu oynadı. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29 iqlim konfransından sonra ikinci ən böyük beynəlxalq tədbirdir. Hər iki tədbir Azərbaycanın çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi.
Hazırda müasir dünyanın üzləşdiyi qlobal çağırışlar, münaqişələr və qeyri-sabitlik fonunda dialoqun və əməkdaşlığın vacibliyi əsasdır. Azərbaycanın dünyada əməkdaşlıq və dialoq məkanı kimi tanınması, nüfuz qazanması tədbir iştirakçılarının rəylərində də özünün aydın ifadəsini tapdı. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin uğurlu nümunə olması, həmçinin Bakı Forumunun qlobal dialoqa töhfə verən platforma kimi tarixə yazıldığı xüsusi qeyd edildi. Forum çərçivəsində keçirilən tədbirlərdə iştirakçılar Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını Münxen Təhlükəsizlik Konfransı və Davos Forumu ilə müqayisə edərək WUF13-ün daha səmimi, açıq və konstruktiv müzakirə mühiti ilə fərqləndiyini bildirdilər. Şübhəsiz, bütün bu uğurların əsasında Azərbaycanın liderliyini qoruması, zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində fəal iştirakı və üzərinə götürdüyü məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək, müəyyənləşdirilən vəzifələri real addımları ilə təsdiqləmək hədəfi dayanır. Təbii ki, belə mötəbər tədbirlərə ev sahibliyi etmək böyük uğur olmaqla yanaşı, eyni zamanda, məsuliyyətdir. Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında da bu reallığı diqqətə çatdırdı ki, bu gün qlobal toplantını təşkil edərək, biz şəhərsalmaya, onun inkişafına, insanların həyatını yaxşılaşdırmaq gündəliyinə və onların özlərini rahat hiss etmələri üçün əhalimizin bütün lazımi şəraitlərlə təmin olunmasına güclü sadiqliyimizi bir daha nümayiş etdiririk. Eyni zamanda, bu əminlik də ifadə edildi ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq.
Vüqar Rəhimzadə bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası qlobal şəhərsalma siyasətində yeni yol xəritəsini müəyyənləşdirdi. Forum çərçivəsində səsləndirilən fikirlərdə də bu məqam vurğulandı ki, indiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə təhlükəsiz və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Urbanizasiya problemi hazırda əksər ölkələr üçün aktualdır, xüsusilə əhali sayının artması, ekoloji çağırışların meydana gəlməsi şəhərsalma prosesində yeni vəziyyət yaradıb. Bu baxımdan, şəhərsalma məsələsi ilə bağlı müzakirələr, qurulan dialoqlar və təcrübə mübadiləsi diqqət mərkəzindədir. Bu baxımdan Bakı Forumu Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi yüksək nüfuzunun göstəricisi oldu. Bakı beynəlxalq müstəvidə artıq qlobal dialoq məkanı kimi tanınır. İndiyə qədər müxtəlif qlobal məsələlərin məhz Bakıda müzakirə edilməsi, xüsusilə bu müzakirələrdə həll yollarının tapılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bakının ev sahibliyi etdiyi COP29 tədbiri belə nümunələrdəndir. COP29 uğurlu nəticələri ilə diqqətdə oldu. Belə ki, dövlət başçısı İlham Əliyev sosial şəbəkə hesablarında COP29 ilə bağlı paylaşımında “Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək” söyləyərək bildirdi ki, biz 80 ölkədən dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Bu kimi amillər ölkəmizin nüfuzunu artırmaqla yanaşı, qlobal problemlərin həllində maraqlı tərəflər üçün də cəlbedicidir. WUF13 COP29-dan sonra Azərbaycanda təşkil olunmuş ikinci ən böyük beynəlxalq tədbir olmaqla yanaşı, Bakı Forumu aparılan müzakirələr və problemlərin həlli yollarının tapılması baxımından Ümumdünya Şəhərsalma Forumunun da tarixinə düşdü.
Millət vəkili qeyd edib ki, Forum çərçivəsində keçirilən Liderlərin Bəyanatları Sessiyası əsas məqamlardan biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyası Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində baş tuturdu. 27 ölkənin dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Liderlər Sammitindəki çıxışlarda Azərbaycana yüksək qonaqpərvərliyə, səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə edildi. İlk dəfə olaraq Forum çərçivəsində belə bir Sessiyanın təşkili Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirdi, WUF13-ün siyasi əhəmiyyətini artırdı. WUF13 çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşündə 70-dək ölkəni təmsil edən nazir və nazir müavini iştirak etdi. Görüşün sonunda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi, 176 ölkədən 57000-dən çox iştirakçısı olan WUF13-ün Ümumdünya Şəhərsalma Forumunun ən böyük sessiyası olduğu qeyd edildi.
Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq bildirildi. WUF13-ün hazırlıqlarında təqdim olunan innovativ yanaşmalar, o cümlədən ilk Liderlərin Bəyanatları Sessiyası və Azərbaycan ilə UN-Habitatın Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyaların təşkili üçün əməliyyat təlimatlarına dair əməkdaşlıq niyyəti alqışlandı.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına uğurlu ev sahibliyi ilə postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlərin fonunda dayanıqlı və təhlükəsiz şəhərlərin, yaşayış məskənlərinin qurulmasının təcrübəsini təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyev Forum çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işlərindən, Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışından bəhs edərək bildirdi ki, infrastruktur layihələrinin icrası uğurla həyata keçirilir. Hazırda isə əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Milli şəhərsalma forumları qabaqcıl təcrübələrin mübadiləsi və tərəfdaşlıqların möhkəmləndirilməsi üçün vacib platforma kimi qiymətləndirildi ki, bu da Azərbaycanın Milli Şəhərsalma forumlarının keçirilməsi təşəbbüsünün nə qədər aktual və əhəmiyyətli olduğunu bir daha sübut edir. Ölkəmizin təşəbbüsü ilə Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirdiyi Milli Şəhərsalma forumlarının fonunda bir daha təsdiqləndi ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında həyata keçirilən quruculuq prosesi təkcə şəhərsalma və infrastrukturun inkişafı deyil, regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Həyata keçirilən məqsədyönlü layihələr, qurulan yeni əməkdaşlıqlar və formalaşan iqtisadi mühit yerli əhali üçün dayanıqlı yaşam imkanları yaradır və şəhərlərin dayanıqlı inkişafına xidmət edir.
Millət vəkili Azərbaycanın belə mötəbər tədbirə - dayanıqlı və təhlükəsiz yeni şəhərlərin inkişaf modelinin müəyyənləşdirilməsinə həsr edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi ilə bağlı fikirlərini ümumiləşdirərək bildirib ki, Bakı mühüm beynəlxalq məsələlərin müzakirəsi, qlobal həmrəyliyin təşviqi üçün vacib məkan rolunu oynamaqda davam edir. Ölkəmiz Forumun gündəliyinə əhəmiyyətli dərəcədə töhfə verdi və unikal təcrübəsini paylaşdı. Azərbaycanda müasir şəhərsalma zamanı zəngin və qədim arxitektura ənənələrinin qorunması əsasdır. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması zamanı ətraf mühitin qorunmasına diqqətin yetirilməsi, dayanıqlı infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi prioritetdir. Dünya erməniliyinin növbəti kampaniyası iflasa ugradı. Beynəlxalq ictimaiyyət azad edilmiş ərazilərdə quruculuq işlərini hamıya nümunə göstərir. Azərbaycan COP29-da olduğu kimi, WUF13-ün də qalıcı irsini yaradır. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olundu. Tədbirin yekununda qəbul edilmiş “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” adlı kommünikedə təmiz hava məsələsinin Ümumdünya Şəhərsalma Forumunun gələcək sessiyalarının gündəliyində daimi mövzu kimi təsbit olunmasına çağırış edildi. Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyinin növbəti təzahürü kimi dəyərləndirilir. Ümumdünya Şəhərsalma Forumunun gələcəkdə keçiriləcək sessiyalarına ev sahibliyi üzrə WUF13 Bakı standartlarına əsasən əməliyyat təlimatının birgə hazırlanması istiqamətində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu bir daha nümayiş etdirdi. Bir sözlə, Azərbaycan WUF13-ün gündəliyinə mühüm töhfələri ilə qlobal şəhərsalma məsələsində istinad nöqtəsi olacaq. Ən vacib məqamlardan biri Azərbaycanın şəhərsalma təcrübəsini paylaşılması oldu. Dünya Prezident İlham Əliyevin şəhərsalma sahəsində uzaqgörən liderliyini alqışladı. Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı.
