Xəbərlər
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qarabağa səfər təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyev ideyalarının təbliği məqsədilə Qarabağa səfər təşkil edilib.
Səfərin əsas məqsədi Ulu Öndərin dövlətçilik ideyalarının təbliği, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri ilə yaxından tanışlıq, həmçinin iştirakçılar arasında vətənpərvərlik ruhunun daha da gücləndirilməsi olub.
Səfərdə YAP-ın Sumqayıt şəhər, Xızı və Siyəzən rayon təşkilatlarının əməkdaşları, eləcə də gənc fəallar iştirak ediblər. İştirakçılar Qarabağın müxtəlif bölgələrində aparılan yenidənqurma prosesini izləyib, regionda həyata keçirilən müasir infrastruktur layihələri barədə məlumat əldə ediblər.
Səfər çərçivəsində Ağdam Cümə Məscidi, Ağdam Şəhidlər Xiyabanı, Əsgəran qalası, Xankəndi və Şuşa şəhərinin tarixi-mədəni məkanları ziyarət olunub. İştirakçılar Şuşada yerləşən İsa bulağı, Cıdır düzü, Yuxarı Gövhər Ağa Məscidi və Şuşa qalası ilə yaxından tanış olaraq Azərbaycanın zəngin tarixi və mədəni irsini yerində müşahidə ediblər.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, məhz bu siyasətin nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin edilib və hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir.
Bildirilib ki, Qarabağda aparılan yenidənqurma prosesi dövlətimizin gücünü, xalqımızın birliyini və milli həmrəyliyini bir daha nümayiş etdirir. Səfər iştirakçıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, Qarabağın hər qarış torpağının Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda qeyd olunub ki, bu kimi təşəbbüslər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin təbliği və Zəfər ruhunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
