Xəbərlər
Yasamal rayonunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Nihad Muxtarlı, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Amalya Sezgin, Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi Qalib Məmmədov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və sədr müavinləri, ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.
Tədbirdən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Daha sonra 28 May - Müstəqillik Günü münasibətilə 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə hazırlanan sərgiyə baxış keçirilib.
YAP Yasamal rayon təşkilatında davam edən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasının müdiri Anar İsgəndərov bildirib ki, 1918-ci il mayın 28-də bütün müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan olunub. Qeyd edilib ki, bu mühüm tarixi hadisə xalqımızın azadlıq və müstəqillik iradəsinin, zəngin dövlətçilik ənənələrinin parlaq təzahürü idi.
Vurğulanıb ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlət institutlarının formalaşdırılması, ana dilinin dövlət dili elan olunması və qadınlara seçki hüququnun verilməsi kimi mühüm tarixi islahatlara imza atıb. Bildirilib ki, Cümhuriyyət süqut etsə də, onun formalaşdırdığı müstəqillik ideyası xalqın yaddaşında yaşayaraq gələcək nəsillər üçün əsas yol xəritəsinə çevrilib.
Qeyd olunub ki, XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkə ciddi daxili siyasi böhran, xarici təzyiqlər və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalıb. Məhz belə bir mürəkkəb dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni ağır böhrandan xilas edib, dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Tədbirdə bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm iqtisadi, həm də hərbi baxımdan regionun aparıcı dövlətinə çevrildiyi diqqətə çatdırılıb.
Çıxışlarda 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın tarixi Zəfər qazandığı, ölkənin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunduğu vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan Bayrağı Şuşada, Xankəndidə, Xocalıda və Qarabağın bütün bölgələrində qürurla dalğalanır.
Sonra bir qrup partiya fəalına fəxri fərman və sertifikatlar təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin təqdimatında bədii hissə ilə davam edib.
