YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji siyasəti: milli maraqlara xidmət edən strateji kurs

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Prezident İlham Əliyev 2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi və 31-ci Beynəlxalq Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışında dünya enerji sistemindəki çağırışları, yeni reallıqları və Azərbaycanın bu mürəkkəb mühitə inteqrasiyasını çox praqmatik və aydın baxımdan təhlil etdi. Bakı Enerji Həftəsinin artıq illərdir ki, qlobal enerji gündəliyinin formalaşdığı, yeni yanaşma və əməkdaşlıq formatlarının müəyyənləşdiyi nüfuzlu platformalardan birinə çevrildiyini söyləyən dövlət başçısı dünyanın dörd bir tərəfindən gəlmiş 270-dən çox şirkətin qatıldığı tədbirdə Azərbaycanın öz enerji strategiyasını yalnız milli sərhədlər daxilində deyil, qlobal təhlükəsizliyin də aktual mövzusuna çevrildiyini nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışının mühüm bir hissəsində qlobal enerji siyasətində son dövrlərdə baş verən köklü dəyişikliklərə toxunaraq, bu dəyişikliklərin arxasında ABŞ Prezidentinin müdrik və praqmatik siyasətinin dayandığını vurğuladı. Cənab Prezident qeyd etdi ki, illər boyu neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlər əsassız olaraq planeti məhv etməkdə ittiham edilmiş, qovulmuş və ictimai rəydə təcrid olunmuşdular. “Prezident Tramp bu tendensiyanı dəyişdirdi və bu, həqiqətən əlamətdar bir hadisə idi, çünki biz hamımız bilirik ki, bəzi böyük neft şirkətləri guya müasir tendensiyalara uyğunlaşmaq üçün adlarını belə dəyişdirdilər” – deyə dövlət başçısı xatırlatdı.

“Hazırda qlobal enerji səhnəsində baş verən hallar ABŞ Prezidentinin çox müdrik siyasəti sayəsində ərsəyə gəlmişdir” fikri eyni zamanda dövlət başçısının digər bir prinsipial tezisi ilə üst-üstə düşür: neft və qaza malik olduqlarına görə ölkələri qınamaq düzgün deyil. Çünki neft və qaz bütün digər mallar kimi əmtəədir. Hər bir ölkə müstəqilliyini qorumaq, inkişaf etmək üçün öz torpağının altında olanlardan istifadə edir. “Buna görə də ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etmələri, enerji inkişafından əldə etdikləri vəsaitləri öz ölkələrini inkişaf etdirməyə, xalqına daha yaxşı yaşayış şəraiti yaratmağa və yaşıl gündəmə sərmayə qoymağa necə yönəltmələri ilə qiymətləndirilməlidir” – bu mesaj Azərbaycan liderinin qlobal enerji arenalarında dəfələrlə səsləndirdiyi ən praqmatik mövqedir.

Azərbaycanın enerji strategiyasının ən diqqətçəkən tərəflərindən biri də onun təkcə hasilatdan deyil, dərin emaldan və yüksək texnologiyaların tətbiqindən güc almasıdır. Prezident İlham Əliyev Bakı Enerji Həftəsində çıxış edərək bildirdi ki, biz emal sənayesində yüksək dərəcədə şaxələndirilmiş imkanlar yaratmışıq. Bu gün SOCAR-ın neft emal potensialı 30 milyon tonu üstələyir. Dövlət başçısı vurğuladı ki, biz yalnız xam neft və qaz deyil, həm də neft məhsulları, elektrik enerjisi, petrokimya məhsulları və bərpaolunan enerji mənbələrindən istehsal olunan enerji də ixrac edirik. Bu strateji yanaşma əslində Azərbaycanın uzun illər ərzində apardığı şaxələndirmə siyasətinin bəhrəsidir.

Təkcə Cənub Qaz Dəhlizi deyil, həm də emal müəssisələrinin modernləşdirilməsi, neft kimyasının inkişafı və yeni bazar paylarının ələ keçirilməsi bu siyasətin tərkib hissələridir. Dövlət başçısı əlavə etdi ki, ölkəmizin ən azı yüz il kifayət edəcək qaz ehtiyatları sayəsində biz təkcə özümüzü deyil, həm də müştərilərimizi enerji ilə təmin edə bilirik.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi üçüncü mühüm tezis Şərq-Qərb dəhlizi ilə bağlı idi. Dövlət başçısı bildirdi ki, dəmir yolu və avtomobil yolu infrastrukturuna sərmayə qoymaqla biz nəqliyyat üçün yeni dəhlizlər açırıq. “Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir”, – deyə Prezident İlham Əliyev qətiyyətlə bəyan etdi. Azərbaycanın rəhbəri bu perspektivi daha da genişləndirərək qeyd etdi ki, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin başqa bir qolu olacaq və mütləq inşa ediləcək. Bu mesaj son dərəcə əhəmiyyətlidir, çünki Zəngəzur dəhlizinin inşasının hüquqi bazası hazırda Ağ Evdə, ABŞ Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidenti arasında 2025-ci il avqustun 8-də imzalanmış sənədlə möhkəmləndirilmişdir. Bu dəhlizin reallaşması nəinki Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, həm də Şərq-Qərb tranzit imkanlarını kökündən dəyişdirəcək. Bu infrastruktur layihəsi Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də beynəlxalq nəqliyyat qovşağına çevrilməsi strategiyasının tərkib hissəsidir.

Bakı Enerji Həftəsi çərçivəsində səsləndirilən bütün bu mesajlar Azərbaycan Prezidentinin qlobal enerji arxitekturasındakı dərin dəyişiklikləri, yeni geosiyasi reallıqları nə qədər dəqiq təhlil etdiyini bir daha göstərirdi.