Xəbərlər
“Zəfərin izləri ilə Qarabağa səyahət”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının təşəbbüsü ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Zəfərin izləri ilə Qarabağa səyahət” adlı səfər təşkil edilib.
Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa marşrutu üzrə baş tutan səfərdə YAP Salyan rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər. Səfər çərçivəsində iştirakçılar Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını, Əsgəran qalasını, Xankəndi şəhərini, Qarabağ Universitetini, Zəfər Parkını, Şuşa qalasını, Yuxarı Gövhər Ağa Məscidini, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Molla Pənah Vaqifin büstlərini, həmçinin İsa bulağını ziyarət ediblər.
İştirakçılar işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərini müşahidə edib, doğma Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoymasının canlı şahidi olublar. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır.
Səfər zamanı Ağdam, Xankəndi və Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələri xüsusi maraqla qarşılanıb. Qarabağın qədim tarixi, zəngin mədəni irsi və həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq iştirakçılarda böyük qürur hissi yaradıb.
