YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa Bəyannaməsi müttəfiqlik nümunəsidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən bir mesajdır. 2021-ci il 15 iyun tarixində  Şuşada Azərbaycan  Prezidenti İlham Əliyevin və Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dost, qardaş ölkənin dərin köklərə, tarixə malik olan münasibətlərinin gələcək inkişafının təqdimatı oldu. Hər bir sənəd münasibətlərin inkişafında yol xəritəsi kimi dəyərləndirilir. Bu baxımdan Şuşa Bəyannaməsində əksini tapan müddəalara nəzər salsaq hər biri iki ölkənin ayrı-ayrı sahələrdə uğurlu əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir. Şuşa Bəyannaməsi  müttəfiqlik nümunəsidir. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsində tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklərini bildirirlər. Həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətləri ifadə edilir. Sənəddə, eyni zamanda, iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığın möhkəmləndiriləcəyi vurğulanır. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Bəyannamədə Azərbaycan və Türkiyənin xarici siyasəti ilə bağlı müddəa da yer alır. Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar. Tərəflər öz milli maraq və mənafelərinin təmin edilməsinə yönəlmiş müstəqil xarici siyasət aparırlar. Sənədə əsasən, tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərirlər.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında “Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır” söyləyən cənab İlham Əliyev  onların arasında iki məsələni xüsusi qeyd etdi.  Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsidir. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.     

Bir sözlə, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında bildirdi ki, gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.