YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan”

“Şəhərsalma və Memarlıq” ili çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının və Xaçmaz Rayon İcra hakimiyyətinin birgə “Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan” mövzusunda konfrans keçirilib. Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid anaları və qazilər, ƏPT sədrləri, partiya veteranları və fəalları iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov qeyd edib ki, XX əsrin sonlarında Azərbaycanın dövlət müstəqilliyi bərpa olunsa da, həmin dövrdə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət və hakimiyyət uğrunda çəkişmələr nəticəsində müstəqillik ciddi təhlükə altında idi. M.Balaqadaşov vurğulayıb ki, ölkədə baş verən hadisələri dərindən təhlil edən ziyalılar, elm adamları və ictimaiyyət nümayəndələri çıxış yolunu məhz Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışında görürdülər: “1993-cü ilin iyununda siyasi böhran ən yüksək həddə çatmış, ölkədə xaos, anarxiya və özbaşınalıq hökm sürmüşdü. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu Öndərin rəhbərliyi ilə yaradılan partiya qısa müddətdə xalqın böyük etimadını qazandı və dövlətçilik ideyalarının əsas siyasi qüvvəsinə çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması milli həmrəyliyin möhkəmlənməsinə və dövlət müstəqilliyinin qorunmasına mühüm töhfə verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən etibarən sabitliyin bərpası, qanunun aliliyinin təmin olunması və hərtərəfli tərəqqinin əsası qoyuldu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, əldə olunan nailiyyətlər müasir dövlətimizin qüdrətini və beynəlxalq mövqelərini daha da möhkəmləndirir”.

Konfransda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, şəhid anası Bibixanım Mirzəməmmədova, partiya veteranları Nazim Ağayev və Abasyar Heydərov, eləcə də “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Mətin Kərimov çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən, Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Milli Qurtuluşdan başlanan inkişaf yolu ölkənin qüdrətinin artmasında, beynəlxalq nüfuzunun möhkəmlənməsində və tarixi Zəfərin qazanılmasında həlledici rol oynayıb.

Bir qrup partiya fəalına və yubilyara rayonun ictimai-siyasi həyatında fərqləndiyinə görə fəxri fərman və hədiyyələr təltif edilib.

Sonda 15 İyun – Milli  Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təqdim olunub.