YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçiliyimizin xilaskarı

Ayaz Cəbrayılov

YAP Kürdəmir rayon təşkilatının sədri

Azərbaycan 1991 -ci il 18 oktyabrda dövlət müstəqilliyini yenidən bərpa etdi. Bununla da Azərbaycan xalqı çoxəsrlik dövlətçilik tarixinə söykənərək milli azadlığına, dövlət müstəqilliyinə tam mənada nail oldu. Amma müstəqilliyin qorunmasının onun əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki müstəqilliyimizin ilk illərində  hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən,  xaosdan, anarxiyadan, Ermənistanın işğalçılıq siyasətindən, nəhayət, səriştəsiz, dövlət idarəçiliyindən xəbərsiz iqtidarın özbaşınalığından sabaha ümidlərini itirmişdir. Dövlətlə xalq arasında uçurum yaranmışdı.  Bu hallar ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşanan acınacaqlı mənzərə hər kəsə məlumdur. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq, parçalanma meyllərinin baş qaldırması və sair kimi hallar   ölkənin daxilində qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaradaraq  Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə Azərbaycan rəhbərliyinə qayıdandan sonra ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin əsas təşkilatçısı oldu. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və  ölkəmizi bəlalardan xilas etdi. Həmin gün böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Bu sessiyada Ulu Öndər Heydər Əliyev səs çoxluğu ilə Ali Sovetin Sədri seçildi.

15 İyun – Milli Qurtuluş Günü ölkənin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və siyasi sabitliyin bərpası baxımından xüsusi yer tutur. Hər il qeyd olunan bu bayram Azərbaycan dövlətinin inkişaf yolunda mühüm dönüş nöqtəsini əks etdirir. Milli Qurtuluş Günü ölkədə siyasi sabitliyin bərpasının başlanğıcı oldu. Həmin ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və Azərbaycanın beynəlxalq mövqeyi gücləndirildi.Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü,  düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxdı, sabitlik yarandı və inkişaf dövrü başlandı. Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların nəticəsində mümkün oldu. Dövlətçiliyin əsasları yaradıldı. Azərbaycan xalqı sözün əsl mənasında təbii sərvətlərinin sahibinə çevrildi.

1994-cü ildə Ümummilli Liderin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın hərtərəfli inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların  başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı.  Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, Azərbaycan dünya birliyinin fəal üzvü kimi yeri və rolunu möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı, həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı. Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 iyun rəsmi dövlət bayramı elan edilmişdir.

15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Ulu Öndərin layiqli davamçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əsaslı tədbirlər görülür. Bu inkişaf xəttinin zirvəsi isə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər olmuşdur. Beləliklə, Qurtuluşdan başlanan yol güclü dövlətə, güclü orduya və nəhayət,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə aparan uğurlu inkişaf yoluna çevrilmişdir.

Azad edilmiş torpaqlarda aparılan quruculuq işləri yalnız binaların və yolların tikintisi ilə məhdudlaşmır. Bu proses həm də tarixi-mədəni irsin bərpasını, iqtisadi potensialın yenidən canlandırılmasını və bölgədə dayanıqlı inkişafın təmin olunmasını əhatə edir. Beləliklə, bu ərazilər müasir Azərbaycanın inkişafının və yenilənməsinin mühüm mərkəzlərindən birinə çevrilməkdədir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsi, buradan mühüm mesajların çatdırılması qürurvericidir.

Ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələr, iqtisadi islahatlar, uğurlu xarici siyasət, diplomatik əlaqələr  Azərbaycanı daha da güclü edəcəkdir və dünyada artan nüfuzunu möhkəmləndirəcəkdir.