Xəbərlər
Yasamal rayonunda Silahlı Qüvvələr Günü qeyd olunub
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyəti ilə görüş keçirilib.
Əvvəlcə Yasamal Rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov Silahlı Qüvvələr Gününün xalqımız üçün böyük əhəmiyyət daşıyan bayramlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası bu gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bütün dünyaya nümayiş etdirib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan bəhs edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində güclü ordu formalaşıb və ölkəmiz tarixi Zəfərə nail olub. Elşad Həsənov Azərbaycan gənclərinin Vətən müharibəsində göstərdiyi fədakarlığı xüsusi qeyd edərək hərbi qulluqçuları peşə bayramları münasibətilə təbrik edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Ordusunun formalaşma tarixindən, milli ordu quruculuğunda Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O bildirib ki, 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması milli ordumuzun əsasının qoyulması baxımından mühüm tarixi hadisədir. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusunu regionun ən güclü ordularından birinə çevirib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə Ordumuzun qüdrətinin və xalq-birliyinin parlaq təcəssümüdür.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin rəisi İntiqam Mirzəyev və digərləri Silahlı Qüvvələr Günü münasibətilə hərbi qulluqçuları təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Sonda Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyətinə fəxri fərmanlar təqdim olunub.
